Modern.az

Qızıl teşt sevgisi və enişə aparan ölümcül yüksəliş

Qızıl teşt sevgisi və enişə aparan ölümcül yüksəliş

Aktual

22 Oktyabr 2015, 15:27

Vəzifəli şəxsləri gözləyən qürub çağının, ölümcül enişə yuvarlanmanın simptomları özünü biruzə verəndən bəri cəmiyyətin mimikasında bir məmnunluq ifadəsi var. Məmur üsul-idarəsinin zülmündən çəkən insanlar bu qəzəb dalğasının hələ çoxlarına kabus yaradacağı inamı ilə mühüm siyasi xəbərlərin ardına  pusuda dayanıblar.    

İmkanları çatsa, bəlkə yekə adamları bir anın içərisində yerə yıxan sərəncamları dövlətin rəhbəri ilə birgə tərtib edər və qara siyahını uzada bildikcə uzadardılar.

Amma bunsuz da, proseslərin gedişi, az qala  hüdudsuz hakimiyyət əldə etmiş zəngin təbəqəyə yaxşı bir şey vəd etmir. Çünki hakimiyyətin daxilində nələr baş verdiyi tam aydınlaşmayıb; müəmmalı durum  davam edir. Sırada hələ çox adam üçün ekspromt qərar, məchul gün qorxusu var.  Ya bu gün, ya sabah, ya bir az uzaq...    

Siyasi yoxuşda yürüyən onlarla nazirin, yüksək karyerası olan məmurların taleyinin acı sonluğu belə bir həqiqəti şüurlara hakim edir ki, zirvə həmişə xoşbəxtlik gətirmir; insanın həyatı məhz o nöqtədə qaranlıqlaşır və indi bir çoxları ölümçül yüksəlişdə addımlayır.

Əgər insan təhlükədən sığortalanmadığı yolun üstünə çıxmaqdan qaçmaq istəmirsə, özünü öz ambisiyasının caynağından qoparmağa çalışmırsa,  deməli, məhvini və kədərini özü seçir.

Bu, o deməkdir ki, qanunlar və etimad məsələsi vəzifəli şəxsə mənsəb, sərvət, davamlı şöhrət baxımından sərf edəndə,  o,  uzunömürlü kreslonun, dövlət büdcəsindən oğurlanan milyonların, naxələfliyin  pis tərəfini görməkdə kor qalır və komandadan hörmətli, zərərsiz ayrılmağın rituallarını məhz öz vicdanı ilə yazmağa, bir ənənə yaratmağa qadir ola bilmir.   

Aydın məsələdir ki, yüksək ranqlı məmurların dəfələrlə vəzifə təyinatı Konstitusiya ilə təsbit deyil, birinci şəxsin etimadı əsasında baş verir və diqqət edin: siyasət tarixində heç görünmədi ki, əhəmiyyətli fiqurlar gözütox davranıb, vəzifə üçün limiti, sakit, səs-küysüz, qorxusuz-ürküsüz, urvatlı  həyatı  seçib, məchul təhlükələr başının üstünü almamış meydandan çəkilmək qərarı versin. Yəni, şəxsi iradəsi əsasında vəzifəyə bəs deməyi bacarsın, bu qaydanı və məmurun yaşam standartlarına yeni yanaşmanı özü yaratsın.  Axı belə bir qərar ən yuxarı pillədə  mühakimə edilmir, sorğu-suallara çəkilmir, bəlkə əksinə, insanın xislətinə hörmət, nüfuzuna yaxşı xallar gətirə bilir.

Cəmiyyət  on ildən artıq vəzifədə qalan nazirin bir gün korrupsiyanın gücü ilə təhlükəyə çevriləcəyi düşüncəsinə əmin olanda, qarşı tərəfin qarayaxma, qısqanclıq, gözügötürməzlik kimi anladığı  həmin həqiqət, əslində onların özlərinin şəxsi taleləri üçün ciddi bir təhlükəyə çevrilir, həyatın dibinə düşmək, diri-diri ölmək aqibətini görünməz şəkildə başları üzərində fırladır.  Cəmiyyət haqlı və uzaqgörən deyildimi?!


Nazirlərdən biri-MTN-nin rəhbəri səbəblərini bilib-bilmədiyimiz, amma doğru şəkildə  vurulub.  Nəqliyyat sferasının güclü fiquru mədəni şəkildə elə sıradan çıxarılıb ki, sərəncam olmasa da, o, artıq bir nazir kimi yoxdur. Sabah əhali qarşısına görüşlərə gedəcək nəqliyyat nazirinin bu təmaslarda indiyə qədər yuxarıdan aşağı baxdığı vətəndaşlara  səsinin tonundakı yumşaqlıq, üzünün ifadəsindəki yanımçıllıq mütləq biruzə verəcək, çünki əlində cəmləşdirdiyi iqtisadi imperiyanın sərhədləri bir-bir başqalarının öhdəsinə keçib.

Dünən ədalı jestləri, sərt mimikası, qorxulu dərəcədə ciddi zahiri ilə insanları özündən xeyli qıraqda saxlayan, ünsiyyət üçün yaramayan insanlar adi bir insanın səviyyəsinə yaxınlaşır. Bəlkə adi insan başını qaldırıb, hətta cırıq çuxası ilə belə, el-obanın arasında rahatca gəzə bilir. Gücünün həşəmətini itirmiş, sınan adamlarda isə yaranan komplekslər onları aşağı siniflə eyni bərabərlikdə dayanmağa çətin adaptasiya edə bilər. Hələ əsatir kimi sərvət içərisində böyuyən övladları?!

Milyonçu Tağıyevin əmlakı müsadirə olunanda dərd etdiyi yeganə şey özünün ehtiyaca alışqanlığı ilə müqayisədə gözünü cah-cəlala açmış  övladlarının səfilliyə necə tab gətirəcəyi fikri idi.  İllərlə ciddi təbəqələşmənin sayəsində ehtiyaclı uşaqlardan fərqlənmiş varlı balalarının düşdüyü mənzərəni təsəvvür etmək çətin deyil.  

İndi vurulan və sırasını gözləyən iri fiqurlardan biri  üçün bəlkə Misir Mərdanovun vəziyyəti həsəddoğurandır. Birisi üçün Eldar Həsənovun, digəri üçün Rəsul Quliyev və Abbas Abbasovun. Hətta çoxları Əli İnsanovun taleyi kimi bir taledən də sığortalanmayıb. Kimin taleyinin necə bitməsindən asılı olmayaraq, bu yerə yaxşı bir aforizm daxil ola bilir: neyləyirsiniz, o qızıl teşti ki, sonra içinə qan qusasınız?!     

Qızıl teşt sevgisi arzuların havasında məmuru daha ənginliklərə aparıb çıxarmır. Zaman gəlib-keçən ütülü kostyumlu nəhəng simaların parıltısız, zülmətə bülənən həyatlarına soyuq rənglərlə tablo yaratdı.     Sübut etdi ki, qızıl teşt sevgisi  əndazəni aşanda müxtəlif dərdlər-vəzifəli insanların xəstəliyi kimi təsnifatlaşmış çoxlu mərəzlər yaradır. Üstəlik, marginal qrupların hiyləsi ilə birləşdirib caniyə çevirir, amma bu potensial təhlükə, hədəfini tuşlamamış özü öz təhlükəsində boğulur. İndikilər və keçmişdəkilər kimi.

İllərlə pul xəyalları quran kasıblar, alnının təri ilə ortabab yaşamağı tərcih edənlər nəsibində yüksəliş olmuş insanlardan nə qədər şanslıdırlar, deyilmi? Bir parça çörəyi fərahlıq içərisində yemək ilahi ədalətdən aşağı sinfin  payına düşmüş  ən yaxşı taledir. İndi kasıblar yox, varlılar kasıblara qibtə etməlidir...  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı