
Azərbaycanla-Ermənistan arasında 20 illik atəşkəsə dair saziş imzalansa da, keçən illər ərzində hər iki tərəf itki verib.
Son bir ildə cəhbədəki vəziyyət ürəkaçan deyil. Mütəmadi olaraq cəbhədə baş verənlər müharibə qoxusundan xəbər verir.
Son vaxtlar isə cəbhəyə ağır texnikaların işə düşməsi isə hamıda eyni sualı doğurur.
Məsələ ilə bağlı danışan deputat Zahid Oruc Modern.az saytına deyib ki, lokal toqquşmaların məkanı genişlənə bilər.
“1994-cü ildən bəri hərbi vəziyyət müxəlif cür dəyişib. Ermənistan tərəfi həm daxili vəziyyətlə əlaqəli, həm iqtisadi vəziyyətin üstünü örtmək həm də bəzən hakimiyyətlə siyasi qüvvələrin apardığı anlaşılmazlığı diqqətdən yayındırmaq üçün Qarabağdan faydalanıb. İndiki gerçəklikdə isə faktdır ki, Azərbaycan tərəfi cəbhə xətti boyunca yeni müasir silahlarını yerləşdirir. Artıq bura ağır texnika da cəlb olunub. Bu onu sübut edir ki, hər iki tərəfdə mühüm kəşfiyyat məlumatları mövcuddur ki, bu da qüvvələrin cəlb olunması, konkret ərazilərə hücum planlarının hazırlanmasında özünü göstərir. Tankların vurduğu məsafə bucağı xeyli fərqlidir. Bu o deməkdir ki, lokal toqquşmaların məkanı və coğrafiyası genişlənə bilər. Yəqin ki, bu, ATƏT-in Minsk qrupu həmsədrlərini son dövrlərdə verilən bəyanatlarda məhz həmin nöqtəyə diqqət yönəltməyə məcbur edib”.
Deputat hesab edir ki, cəbhədəki bugünkü vəziyyət insanların bütöv halda müharibəyə köklənməsini tələb etmir.
“Çünki bu dövr ərzində ölkədə səfərbərlik elan olunmadığından, müharibə vəziyyəti haqqında qanunun şərtləri işə düşmədiyindən hər kəsdə səngərdə yaşanan vəziyyəti özünün gündəlik həyatında düşünməsi, ona bağlanması mənən doğru olmur. Çünki hər kəs qanunvericilik normalarına istinad edir ki, axı bu gün müharibə vəziyyəti haqqında qanuna uyğun olaraq hansısa vasitələrlə cəbhəyə kömək etmək, bütün ictimai iaşə müəssisələrinin fəaliyyətini dayandırmaq, şadlıq evlərində toy mərasimlərinə son vermək qeyri-real məsələdir”.
Zahid Oruc ön cəbhə ilə arxa cəbhə arasında harmonik bağlılığın olmamaından da söz açıb. Onun sözlərinə görə, sanki müharibənin arxa cəbhədəkilərə aidiyyatı yoxdur.
“Düzdür, mütəmadi olaraq cəbhə xəbərlərinə yer ayrılır, hərbçilər haqqında geniş reportajlar verilir, onlardan bəhs edən məsələlər qabardılır. Amma bununla bərabər, açıq etraf etmək lazımdır ki, ön cəbhə ilə arxa cəbhə arasında bir bağlılıq mövcud deyil.
Baxmayaraq ki, bir il öncə cəbhəyanı zonalarla bağlı dövlət başçısının qərarları oldu. Müxtəlif qurumlar yaradıldı. Hətta qeyd edildi ki, xəbərləri dövlət sirri xarakterindən kənar cəmiyyətə sızmasının qarşısını almaq, Azərbaycanın hərbi maraqlarının əleyhinə fəaliyyət göstərməyi dayandırmaq naminə xüsusi şuralar fəaliyyət göstərsin və sairə. Amma bu da effekt vermədi. Nə peşəkar keçmiş hərbçilərdən, nə ağsaqqallardan, nə də media nümayəndələrindən ibarət belə bir qurum formalaşdırmaq mümkün oldu ki, onlar daim ön cəbhənin yanında olsunlar, mənəvi dəstək versinlər. Bəzən öncə cəbhə Azərbaycanın bütün digər həyatından ayrılmış vəziyyətdə meydana çıxarılır. Sanki müharibə yalnız ön cəbhədəkilərin işidir”.
Hərbi ekspert Üzeyir Cəfərov son dövrlər cəbhədə yaşananların Ermənistanın növbəti metodundan ibarət olduğunu deyib. O, Rusiyanın da narahatlığını qeyd edib.
“Cəbhədə baş verənlər hər birimizi ağrıdır. Son vaxtlar Ermənistan özünü yaxşı göstərmək üçün Rusiya-Türkiyə münasibətlərinin gərginliyindən istifadə edərək yuyulmamış qaşıq kimi ortalığa atılır. Bu vəziyyətdə Ermənistan vəziyyəti bir az da gərginləşdirməyə çalışır.
Artıq Dağlıq Qarabağla bağlı Rusiya öz narazılığını bildirir. Səbəb də odur ki, Türkiyə bu məsələnin həll olunmasını istəyir. Rusiya bununla bir daha sübut edir ki, Dağlıq Qarabağ məsələsinin həll olunmamasında ən böyük faktor özüdür. Çünki dünən Rusiyanın ATƏT-dəki nümayəndəsi Türkiyənin Qarabağla bağlı səsləndirdiyi fikrə etirazını bildirib. Normalda Rusiya ATƏT-in həmsədri kimi bu məsələnin həllində dəstək olmalıdır”.
Hərbi ekspert Azərbaycanda müharibə getdiyini xüsusi vurğulayıb.
“Müharibə bitməyib. Müharibə o vaxt olmaz ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Məcburi köçkünlərimiz doğma yurdlarına qayıtsın. Əgər bir güllə atılırsa, şəhidlər veririksə, müharibə necə bitər?! ATƏT-in Minsk qrupunun həmsədrləri də bu məsələdə imitasiya ilə məşğuldurlar. Heç biri məsələnin həllində maraqlı deyillər. Azərbaycan olaraq müharibə şəraitində şəhid olan insanlarımızın xatirəsini əziz tutmalıyıq. Bu qədər şəhidlər veririk. Onların ruhlarının rahatlanması üçün tez bir zamanda ərazi bütövlüyümüzü bərpa etməliyik.
Bu məsələ nə qədər ki, ədalətli həllini tapmayıb, o qədər də itkilərimiz çox olacaq. Eyni zamanda, müharibədir, itkilər də olmalıdır. 1994-cü ildə mayın 12-də atəşkəs haqqında saziş imzalansa da, biz yüzlərlə əsgər itirmişik. Qarşı tərəf də öz hikkəsi və əldə alət olması ucbatından daha çox hərbçi itirib”.
Namidə BİNGÖL