
Yanvar ayının 1-dən etibarən yeni məbləğdə təsdiqlənən yaşayış minimumu qüvvəyə minib. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136, əmək qabiliyyətli əhali üçün 146 , pensiyaçılar üçün 115, uşaqlar üçün isə 117 manat məbləğində müəyyən edilib.
Manatın 2015-ci il ərzində dollar qarşısında 98 faiz ucuzlaşdığını, bunun fonunda yaşayış üçün zəruri malların da ən azı 50 faiz bahalaşdığını nəzərə alsaq, insanların müəyyən olunan yaşayış minimumu ilə öz həyatlarını təmin etməsi mümkün olacaqmı?
Modern.az saytının sualını iqtisadçı Natiq Cəfərli cavablandırıb. Ekspert deyib ki, Azərbaycanda adambaşına düşən istehlak səbəti müəyyən olunan zaman hələ birinci devalvasiya baş verməmişdi:
“Devalvasiyanın nəticələri nəzərə alınaraq Azərbaycan hökuməti minimum istehlak səbətini hesablamalı və yaşayış minimumu həddini qaldırmalıdır.
Problem ondadır ki, ölkə qanunvericiliyinə görə, yaşayış minimumu qalxarkən birbaşa təqaüd və əmək haqlarının da qaldırılmasına təsir göstərir. Təsdiq olunmuş büdcədə nə təqaüd, nə də maaşların artırılması üçün resurs görünür. Mütləq şəkildə büdcəyə yenidən baxılmalı və yaşayış minimumu artırılmalıdır”.
Büdcənin icrası sual altındadır...
Ekspert deyir ki, hökumətin indiki maliyyə imkanları büdcəni icra etməsini sual altına qoyur:
“Büdcədə ciddi problemlər olacağı gözlənilir. Hətta bu səviyyədə qəbul olunmuş büdcənin dəyişdirilməsi gündəmə gəlir. Gözləntilər var ki, may ayına qədər büdcəyə yenidən baxılması və azaldılması baş versin.
Hazırda Azərbaycanda yaşayış minimumunun indiki səviyyəsi ilə real bazar qiymətləri arasında çox böyük təzad yaranıb. Fevral-mart ayında qiymətlərin bahalaşacağının da qaçılmaz olduğunu nəzərə alsaq, aşağı səviyyədə təqaüd və maaş alanların vəziyyəti daha da pisləşəcək. Ölkədə 1 milyon 300 minə qədər təqaüdçü var ki, onların da 900 mindən çoxu minimum təqaüdlə təmin olunur. Çox az bir hissəsi yüksək məbləğdə təqaüd alır. Aztəminatlı ailələr bir ay ərzində həmin məbləğə nə yeməyə, nə həkimə, nə kommunal xərclərə ödəniş edə biləcəklər. Azərbaycan hökumətinin üzvləri bunu başa düşməlidir. Hər hansı məmur düşünsün ki, kiçik məbləğlə bir ay ərzində nə etmək olar?! Azərbaycan şəraitində bu məbləğə bir həftə qidalanmaq, həkim, kommunal xidmətlərdən yararlanmaq mümkün deyil”.
Hökumət indən belə hansı anti-böhran planı hazırlayacaq?!
N.Cəfərli ölkədəki situasiyanı tragikomik adlandırıb:
“Azərbaycanda böhran planı nəinki qəbul olunmalı, hətta icra olunmağa başlanmalı idi. Böhran planının pessimist, optimist və real variantları hazırlanmalı idi. İndi Azərbaycan böhranın tam ortasındadır və getdikcə daha dərin fəsadlar yaranmaqdadır. İndən belə hökumət nə anti-böhran planı hazırlayacaq ki?!
Bundan sonra qəbul ediləcək proqramların reallaşması belə, zaman alacaq. Bu zaman kəsimində “insanlar necə dolanacaq”, “hansı vəsaitlər hesabına yaşayacaq” kimi sualları cavablandıran yoxdur. Planlar hazırlansa belə, onların icrasına zəmanət də yoxdur. Nəzərə alaq ki, hökumət 3 dəfə regionların inkişaf planını təsdiq edib, amma heç bir effekti olmayıb. Bu günə qədər də həmin planların ölçüləbilən indikatoru da yoxdur ki, nə qədər vəsait sərf olunduğu bilinsin. Bu baxımdan hökumətin hesabatsızlıq problemi var. Hökumət nə parlament, nə də cəmiyyət qarşısında hesabat verir. Belə olan təqdirdə də effektiv iş qurmaq mümkün deyil”.
Gülşən RAUFQIZI