Modern.az

Bir gün «Şərq»də…

Bir gün «Şərq»də…

Media

3 Sentyabr 2009, 12:48

"AZƏRBAYCAN" NƏŞRİYYATININ 7-Cİ MƏRTƏBƏSİNDƏN REPORTAJ

İndiyədək mediada qəzet redaksiyalarının bir günlük fəaliyyəti ilə bağlı müxtəlif layihələr işlənilib. Bir az ciddi, bir az da zarafatyana. Həmin yazılarda redaksiyalardakı iş ahəngi, jurnalistlərlə bağlı müxtəlif məqamların təqdimatı maraqla qarşılanıb. «Modern.az» olaraq biz də həmkarlarımızın fəaliyyətindən bəhs edən yazılar təqdim etməyi qərara almışıq. Hətta bizdən öncə reallaşdırılan layihələrlə oxşarlıq oısa belə. Amma bizim seçəcəyimiz ünvanlar təkcə qəzet redaksiyaları olmayacaq, agentliklərə, televiziyalara, radiolara da gedəcəyik. Beləliklə, ilk ünvanımız «Azərbaycan» nəşriyyatının 7-ci mərtəbəsində yerləşən «Şərq» qəzetini redaksiyası oldu.

"Azərbaycan"a kənar adamları buraxmırlar

Bir gün əvvəldən «Şərq»də işin neçədə başladığını dəiqiləşdirdim, dedilər ki, saat 11.00-da gələrsən, planlaşdırma onda olur. Bununla belə, işimi ehtiyatlı tutub, saat 11-in yarısından «Azərbaycan» nəşriyyatının qarşısını kəsdirdim. Amma nəşriyyatına daxil olamağı belə çətin təsəvvür etmirdim. Qapıçıları «Şərq»ə getdiyimə inandıra bilmədiym üçün redaksiyamızla əlaqə saxlamağa məcbur oldum. Bizimkilər də mobil telefonla 7-ci mərtəbədə oturan «Şərq»çilərlə əlaqə saxladılar. Özü də yalan olmasın, 7-8 dəfə «Azərbaycan»dakı həmkarlamıza zəng vuruldu. Nəhayət “Şərq”in üzüyola müxbiri Nəsimi düşüb məni qarşıladı. 

Baş redaktor hamının paxırını açdı  

Saat 11.00-da “Şərq”in əməkdaşları tam heyətlə olmasa da, 80 faiz planlaşdırmaya toplaşmışdı. Əvvəlcə gündəmdə olan məsələlər müzakirə edildi, müxbirlər müxtəlif mövzular təklif etdilər, sonra redakor Yusif Nəzərli də öz tapşırıqlarını verdi. Bununla da toplantı yekunlaşdı və hər kəs öz işinin dalınca getdi. Planlaşdırma zamanı öz otağında olan baş redaktor Akif müəllim toplantıya qatılmamışdı. Bizimlə söhbətdə bildirdi ki, lazım bildiyi zamanlarda o da planlaşdırmada iştirak edir. Baş redaktor redaksiya heyətindən razıdır: ”Biz bir ailə kimi formalaşmışıq. «Şərq»də hamı bir-birinə hörmət edir”. Akif müəllimin sözlərinə görə, kollektivin daimi aktiv üzvü yoxdur. Keçən həftə Anar Bayramoğlu hamıdan qoçaq olub. Hər həfə biri-iki müxbir yazıların hazırlanmasında fəallıq göstərir. Rəhbərliklə söhbət zamanı məlum oldu ki, «Şərq»də ən tənbəl əməkdaş Firdovsi Fərzəliyev, ən cığal müxbir isə Tahirə Məmmədqızı ilə Vüsalə Rafiqqızıdır. Tahirə həm də qəzetin qalmaqallı müxbiridir, onun yazılarına görə qəzetin başı az ağrımayıb. Akif müəllim aradabir müxbirlərə ayrı-ayrılıqda “ey böyük insan”, “ey gözəl insan” deyib onları həvəsləndirməyə də çalışır.  

Yersiz mübahisə qanorara təsir edə bilər  

Baş redaktor müavini Yusif Nəzərli müxbirlərin hamısına eyni gözlə baxdığını deyir: “İndiyə kimi aramızda heç bir problem olmayib, nadir hallarda mübahisələrimiz olur”. Elə müxbirlər də Yusif bəylə mübahisəyə girişməyə can atmırlar. Axı qanorarı baş redaktorun müavini yazır. “Qonarar məsələsində çalışıram ki, əməkdaşlarımızın əziyyətlərini fərqləndirm”-deyə Yusif bəy bildirdi. «Şərq»in ən sadiq və ən sakit işçisi Məlahət Rzayevadır. 1999-cu ilin oktyabırından bu qəzetdə çalışan Vüsalə Rafiqqızıni cığal hesab etsələr də, indiyədək iş prosesində ciddi bir problemlə üzləşmədiyini dedi.  

Kirayədə qalan, «muxtariyyət» quran müxbirlər  

Tahirə Məmmədqızı 9 ildir «Şərq»də yazır: “Buranın mühiti mənə daha xoşdur. Üzümüz-gözümüz öyrəşib, başqa yerdə işləməyi ağlımıza gətirmirik. Akif müəllim hərdən zarafatla mənə «sən redaksiyada muxtariyyətsən» deyir”. «Şərq»in deyib-gülən oğlanı Nəsimi Cəfərlidir. Nəsimi demək olar bütün mövzularda yazır. O, hər şeydən razıdır, ancaq aldığı məvacib tələbatını ödəmir: ”Kirayədə qalıram. Jurnalistlik eləməklə kirayədə qalmaq igidlikdir”. Yazılarında buraxdığı səhvlərə görə redaktorlara güvənən qəzetin müxbiri Anar Bayramoğlu qorxmur: ”Bilirəm ki, redaktə zamanı səhvlər tutulacaq, səhifəyə təmiz yazı qoyulacaq”. Anar digər qəzetlərlə müqayisədə «Şərq»də babat qanorar verildiyini də vurğuladı. Redaksiyada hər kəsə sülhlə yanaşan Seymur Qasımbəyli 3 ildir  burada çalışır. Əsasən siyasətdən və sosial sahədən yazan bu oğlanın aldığı maaş özünə güclə çatır. Akif müəllimin tənbəl müxbiri Firdovsi Fərzəliyev də bizimlə danışmağa tənbəllik eləmədi: “Rəhbərlik həmişə məni işə gecikməyimə görə danlayır. Neynim ee, yuxu şirin şeydir. Kollektivlə aramızda cüzi problemlər yaşanır, ancaq bunu tezliklə aradan qaldırıriq”. Söhbət zamanı məlum oldu ki, Firdovsi sözdə tənbəldir işdə yox. O, «Şərq»in bizimlə söhbət edən yeganə əməkdaşı oldu ki, aldığı məvacibin məbləğini gizlətmədi. Ayda 400 manat qazana bilən həmkarımız indiki dövrdə bu pulla çox uzağa getməyin mümkün olmadığını vurğuladı. Baş mühasib Fazilə Məmmədova da «Şərq»in stajlı əməkdaşlarındandır. O, 13 ildir bu qəzetdə çalışır: “Redaksiyanın işinin 50 faizi mənim öhdəmdə düşür. Vergi, kommunal xərclər və s. işlərə mən baxıram”. «Şərq»in iki əməkdaşı-müxbir Elçin Xalidbəyli və  məsul katib Rəşad Baxşəliyev məzuniyyətdə olduqlarından işdə deyildilər.  

«Azərbaycan»a daxil olmaq nə çətinmiş

 Redaksiyada hamı oruc tuturmuş

Həmkarlarım arada fürsət tapıb məni redaksiyanın otaqları ilə də tanış elədilər. Təkcə mətbəxə girməyə qoymadılar, dedilər ki, hamısı oruc tutduqları üçün ora girməyə ehtiyac görmürlər.  Sonra şəkillərini çəkməyə başladım. Bax bu zaman qızlar özlərinə bir əl qatdılar ki, gəl görəsən. Şəkil çəkdirməkdə hamıdan fəal Tahirə Məmmədqızı idi. Hər dəfə çəkdiym şəklinə baxır, xoşuna gəlmədiyi üçün pozmağı xahiş edirdi. Mən də üzüyumşaq olduğumdan onun xahişlərinə biganə qala bilmədim. Axırda çəkdiyim şəkillərdən biri onun xoşuna gəldi. ”Şərq”i tərk edəndə məni çaya da qonaq etmək istədilər, sağ olsunlar. Amma mən tələsirdim, gördüklərimi yazmalıydım.

 

Günay

 

 

 

Akif Aşırlı kollektivdən razıdı

 

Baş redaktorun müavini mövzu seçir

 

Firdovsi: "Yaxşı ki bu gün ışə tez gəldim"

 

Vüsalə Rafiqqızı iş başında

Telefonun o başındakı müsahib Nəsimini əsəbiləşdirib

Redaksiyanın ən sakit qızı yaman məşğuldur

Anar Bayramoğlu: "Biz ki bunu dünən yazmışdıq..."

Tahirə xanım həmişəki kimi özündən razıdı

Seymur bu gün hamını  qabaqlamağa söz verib

Fazilə xanımın da işi başından aşır

Günay

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi