Modern.az

Harada olsam zəng edəcəm demişdi, amma şəhid olub yuxularıma girdi

Harada olsam zəng edəcəm demişdi, amma şəhid olub yuxularıma girdi

Ölkə

Bu gün, 15:31

Bəzi tarixlər insanın ürəyinə dağ çəkir, ruhuna əbədi bir iz buraxır. 27 Sentyabr da məhz elə o ağır, lakin bir o qədər də müqəddəs tarixlərdəndir. Həmin gün evindən, ocağından, yarımçıq qalmış arzularından keçib "Vətən sağ olsun!" deyənlər səssizcə əbədiyyətə qovuşdular. Onlardan biri də Elzamin Təhməzovdur.

Modern.az-a Elzaminin həyat yoldaşı Günay xanım danışıb. Onun sözlərinə görə müharibədən 1 gün əvvəl birlikdə bulaqdan su gətiriblər və aralarında çox qəribə bir söhbət yaranıb.

"Biz hər səhər bulaqdan su gətirməyə gedirdik. O səhər küçədən keçəndə ürəyimdə fərqli hiss yarandı. Elzaminə dedim ki, Elzamin, mən bu küçədən qorxuram. O da dedi ki niyə qorxursan? Mən həmişə yanındayam, burdayam.

Günay xanım o an bilməsə də bu Elzaminin son təsəllisi, yanında olmağı idi:

"Həmin gecə növbədə idi. Səhəri mənə zəng elədi ki, mən gedirəm. Ürəyimdə narahatlıq olmadı. Çünki Elzamin çətin yerlərdən sağ qayıtmışdı. Bircə dedim ki, bəs bizlə görüşməmiş gedəcəksən? Dedi yaxşı, gəlim sizlə sağollaşım, çıxım".



"Balaca qızımız Aysel ağladı, hamımızı öpdü, bağrına basdı. Bizə, evimizə, həyətimizə uzun-uzun baxdı. Bu həmişəki vidalardan deyildi. Mən Elzamin şəhid olandan sonra anladım ki, o hara getdiyini gözəl bilirmiş. Birdə bizi, evini,həyətini görməyəcəyini bilirmiş".

"27-si Elzamini televiziyada göstəriblər, biz görməmişik. 28-i mənə zəng elədi. Dedi ki, uşaqlarıda götür get anangilə. Dedim yox sən yoxsan, mən evin işığın sönülü qoyub tərk eləmərəm". Sonra telefonunun enerjisi bitti. Elzaminin son cümləsi o oldu ki, narahat olma harda olsam sənə yığacam.

Ancaq Elzamin birdə Günay xanıma zəng etmədi:

"29-u səhər saat 6-da oyandım çox narahat idim. Elzaminə onsuz zəng çatmırdı, mesaj yazırdım ki, görəndə cavab yazar. Narahatlığım mənə günə başlamağa, normal davranmağa imkan vermədi. Mən də Milli Qəhrəman Fariz Qocamanovun həyat yoldaşı Qəndab xanıma zəng etdim.

Qəndab xanım o an Elzaminin şəhadətə ucaldığını bilirmiş, ancaq Günay xanıma deməyə dili gəlməyib.

Günay xanımın dediyinə görə Qəndab xanım ona heç nə bildirmədən normal danışır. Ancaq Günay xanımın qəlbi rahatlıq tapmır. 

"Saat 13.00 idi qızım Aysu hazırlığa gedirdi. Balaca qızım Ayselidə götürüb getdim ki, Elzaminlə eyni hərbi hissədə xidmət edən həmkəndlimizdən nə isə xəbər alam".

2 gün ara ilə eyni küçədən keçən Günay xanım, o yolda eyni narahatlıqla yeriyirdi. Ancaq bu dəfə keçən dəfədəkindən bir fərq var idi, qəlbindəki narahatlıqlar cavab tapacaqdı:

"Elə həmin küçədən keçirdim ki, zəng gəldi ki, Günay, hardasan? Qayıt evə. Elə o an başa düşdüm, Elzamin şəhadətə ucalmışdı.

Mən günlərlə Elzamini itirdiyimi qəbul etmədim. O qədər acı çəkirdim ki, 3 mərasimində Elzamin yuxuma girib, dedi ki, məndən narahat olma. Mən Əliyar Əliyevin yanındayam.

Günay xanım deyir ki, bu azda olsa qəlbinə sərinlik gətirib. Hətta illərdi Günay xanımın nə çətin işi olsa Elzamin yuxusuna girir, Günay xanıma yol göstərir. Bu 6 ildir ki belə davam edir...

Qeyd edək ki, Elzamin Təhməzov  2001 ci ildə  Heydər Əliyev adına Ali hərbi məktəbi bitirib, N saylı hərbi hissədə Leytinat kimi xidmətə başlayıb. Pakistanda, Macarıstan, Çexiyada, Sloveniyada,Avstriyada,Almaniyada, Türkiyədə, Amerikada, 6 ay İraqda sülhməramlı kimi xidmət edib.

Azərbaycanla Amerika arasında 1 il əlaqələndirici zabit kimi işləyib. 2014-çü ildən cəbhə xəttində xidmət  edib qüsursuz xidmətə görə 1-ci,2-ci, 3-cü dərəcəli medal alıb. Ordunun yaranmasının 90 iliyi, 95 iliyi, 100 iliyi ilə təltif olunub. 

Ölümündən sonra  "Vətən uğrunda" medalı,  "Suqovuşanın azad olunmasına görə" medalla təltif olunub,3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. 708 saylı hərbi hissədə kəşfiyyat rəisi vəzifəsində çalışıb suqovuşan istiqamətində döyüşlərdə olub 29 sentyabr şəhid olub.

Lamiyə Cənnətzadə

1551767

15517681551775

1551778

15517791551781

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Bakıya ŞOK HÜCUMLAR - Arxasında kimlər var?