Modern.az

Azərbaycan toylarının müasir gəlinləri və açıq-saçıq gəlinliklər...

Azərbaycan toylarının müasir gəlinləri və açıq-saçıq gəlinliklər...

5 Oktyabr 2009, 11:00

Toylar Azərbaycan milli mənəviyyatının çox geniş sahəsini əhatə edən ciddi bir hadisədir. Bu hadisənin iştirakçısı olmaq, ağ gəlinlik paltarı geyinmək və həyatın ən yaddaqalan günündə gözəl görünmək hər bir gənc qızın arzusudur. Yazını gəlinlik paltarlarına həsr etməyimiz təsadüfi deyil. Son illər Azərbaycan toylarında gəlinlərin geyimi ilə bağlı milli dəyərlərdən, mentalitetdən uzaqlaşma müşahidə olunmaqdadır.

Açıq-saçıqlığın həddi-hüdudu olacaqmı?

Xüsusilə Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərimizdə keçirilən toy mərasimlərində gəlinlər daha avropasayağı libaslar geyinməklə diqqəti cəlb edir.
Açıq-saçıq gəlinlik paltarlarının getdikcə dəbə minməsi göz qabağındadır. Bəzən toylarda gəlinlərə elə paltar geyindirirlər ki, onların çiyni, sinəsi, beli açıq qalır. İş o yerə çatıb ki, belə toy mərasimində qonaqlar bəy və gəlinə tərəf baxmağa utanırlar. Bir evdən digər evə namus, abır, həya aparmalı olan gəlinin həddindən artıq açıq-saçıq geyimi ciddi diqqət yetirilməli məsələdir. Belə paltarları gəlinlik adlandırmaq olarmı?! Açıq-saçıq gəlinlik paltarı geyinmək, bədəninin bir hissəsini bayırda qoymaq bizim ən azından mentalitetimizə ziddir.
Azərbaycanda toy ənənələri həmişə bir sıra ali dəyərlərlə fərqlənib. Bu dəyərlər sırasına gəlinin geyimi də daxildir. Əvvəllər gəlinlik paltarları bağlı və uzun, gəlinin üzündə isə örtük olurdu.  Bəzi bölgələrdə hətta gəlinin başına ipək yaylıq da örtürdülər ki, onun  üzü görünməsin. İndi o günlər çox geridə qalıb. Doğrudur, bu yazı ilə biz müasirliyin əleyhinə deyilik. Amma müasirliyin də həddi-hüdudu olmalıdır axı...
İndi mağazalarda satışa çıxarılan gəlinlik paltarları gündən-günə həm açıq-saçıq, həm də qısa formaya düşür.

Dəbdə olan dekalte paltarlar

Araşdırmalar göstərir ki, indi gəlinlik paltarının kirayə haqqı 50 manatdan bir neçə min manata qədər yüksəlir. Onu kirayə yox, həmişəlik almaq da baha başa gəlir. Gəlinlik paltarları dizayner-modelyerlərin zövqündən asılı olaraq müxtəlif cürdür: büzümlü, rozetkalı, bir qədər kənarları yuxarı qaldırılmış gəlinliklər, ağ, çəhrayı, mavi və s...
Rəngli gəlinliklər bu il daha çox dəbdədir. Bu cür gəlinliklərə adətən qız toyunda üstünlük verilir.
Əsl gül bağçasını xatırladan güllər və applikasiyalarla bəzədilmiş gəlinliklər də əsasən yaz-yay kolleksiyalarında dəbdə olur. Krujeva gəlinliklər isə bir qədər köhnə üslubu xatırladır.
Müşahidələr göstərir ki, hazırda Bakıda ən dəbdə olan gəlinlik paltarları dekalte formada (açıq-saçıq) olanlardır. Əksər gəlinlər bu formaya üz tutur. Bu cür gəlinliklər açıq olduğu üçün bəzi gəlinlər fiqarrodan, bəziləri isə fatadan istifadə etməli olur. Dindar xanımlar üçün hazırlanan gəlinliklərin isə hicabı da olur.

Gəlinliklərin qiyməti

“Laçın “ Ticarət Mərkəzində satıcı işləyən Gültəkin Kərimbəyli deyir ki, indi gənclər həm açıq, həm də qapalı formada olan gəlinliklərə üstünlük veririrlər: “İndiki cavanlar açıq gəlinlik paltarlarına normal yanaşırlar. Hərə öz zövqünə uyğun hərəkət edir. Demək olar ki, hər iki formadan istifadə edilir.Ancaq açıq formada olan gəlinliklər daha çox dəbdədir”.
Satıcıdan gəlinlik paltarlarının qiymətini də soruşduq. Məlum oldu ki, “Laçın”da gəlinliklərin orta satış qiyməti 450-700 manat arasındadır. Bu paltarların bir günlük kirayə qiyməti isə 150-200 manat arasında dəyişir.
Bizimlə söhbətdə digər satıcı Kəklik Məmmədova da açıq gəlinlik paltarlarının dəbdə olduğunu bildirib: “Dekalte gəlinlik paltarları daha çox alınır. Ancaq gəlinlərin bir çoxu fiqarodan istifadə edir. Qız toyunda rəngli gəlinlik paltarlarına üstünlük verilir. Bu cür gəlinliklərin də açıq formada olanları var. Əksər gəlinlər də elə bu formanı seçir”.
Kəklik Məmmədovanın sözlərinə görə, son vaxtlar xanımların çoxu gəlinlikləri kirayəyə götürməyə üstünlük veririlər: “Kirayəyə verilən gəlinliklərin 1 günlük qiyməti 50-300 manat arasında dəyişir. Maddi imkanı çatanlar isə gəlinlik paltarını alır. Satışda olan gəlinliklərin qiyməti isə 450-500-600 manatdır”.
Şəhərin mərkəzində yerləşən mağazalarda gəlinliklərin qiymətləri lap bahadır. “Möminə Xatun” mağazasının satıcı Gülşad Orucova bildirib ki, bu ilin dəbdə olan paltarlarının qiyməti daha yüksəkdir: “Elə gəlinlik var qiyməti 800-900 manatdır. Onu kirayəyə 200-400 manata veririk. Dəbdən düşən gəlinliklərə də müraciət edənlər olur ki, bu da maddi vəziyyətlə əlaqədardır”. 

Gənclər nə düşünür?

Yazını hazırlayarkən evlənməyə hazırlaşan gənclərin də fikirlərini öyrəndik. Mağazaların birində rastlaşdığımız Zamiq Mikayılov adlı gənc nişanlısı Xədicə Əsgərova üçün seçdiyi gəlinliyin müasir (dekalte) formada olduğunu bildirdi: “Bir zamanlar toylar “palatka”larda olurdu. Sonralar onları şadlıq evləri və restoranlar əvəzlədi. Gəlinlik paltarları da əvvəllər qapalı idi, indi açıq-saçıq formada olanlar dəbdədir. Biz də zəmanə ilə ayaqlaşmağa çalışırıq. Mən indiki gəlinliklərdə elə də problem görmürəm. Nişanlıma da müasir üslubda hazırlanmış  gəlinlik paltarı seçdik”.
Başqa bir cütlük də eyni fikirdə olduğunu bildirdi. Samir Quliyev gələcək xanımı Röya Əliyevaya açıq formalı (yenə dekalte!) gəlinlik seçdiyini dedi: “Örtülü gəlinlik paltarları artıq keçmişdə qalıb. Mən gələcək həyat yoldaşım üçün müasir stildə olan gəlinlik paltarı seçmişəm və buna da normal yanaşıram”.

Yaşlı nəsil müasirliyin əleyhinədir

Gənclərdən fərqli olaraq yaşlı nəslin nümayəndələri açıq-saçıq gəlinlik paltarlarından istifadəni milli adət-ənənələrimizə zidd hesab edirlər.
Oğlunu evləndirməyə hazırlaşan 42 yaşlı Sevda Rüstəmova gəlinliklərin milli üslubda tikilməsinin tərəfdarıdır: ““Avropalaşırıq”-deyə, adət-ənənlərimizi unutmamalıyıq. Bizim xalqımızın öz mentaliteti var. Cavan nəsil bunu yaddan çıxarmamalıdır. Gəlinliklər milli üslubda tikilsə, daha yaxşı olar. Razı olmaram ki, toyda qonaqlar mənin gəlinimin açıq qalmış çiyinlərinə, sinəsinə, kürəyinə baxsın”.
61 yaşlı Sabir Əliyev günahı zəmanədə görür: “Qadının xarici görünüşü nə qədər bağlı olsa bir o qədər yaxşıdır. Bizim dövrümüzdə gəlinin üzünə örtük salardılar. İndiki gəlinlər isə yarıçılpaq geyinir, hələ bu azmış kimi, hər yarım saatdan bir bəylə ortalığa düşüb şıdırığı rəqs edir. Ehhh... Zəmanə çox dəyişib. Bu müasirləşmək fikri gənclərin beynini yeyib”.
Sonda bunu qeyd etməyi özümüzə borc bilirik: unutmayaq ki, xalqımızın toy mədəniyyəti onu başqa millətlətdən fərqləndirən, milli sima aşılayan bənzərsiz xüsusiyyətlərə malikdir. Gəlin ifrata varıb bu xüsusiyyətlərin həddini çox aşmayaq.



Günay MUSAYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi