Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinə Qərb siyasətçilərinə güvəndiyi qədər güvəndiyini deyib.
Modern.az xəbər verir ki, Ərdoğan bu barədə Amerikanın PBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ankara Putin və bütövlükdə Rusiya rəhbərliyi ilə birlikdə bir çox mühüm layihələr həyata keçirir və bunu davam etdirmək niyyətindədir.
“Güvənməmək üçün heç bir səbəb yoxdur. Qərb nə qədər etibarlıdırsa, Rusiya da o qədər etibarlıdır. 50 ildir ki, Avropa İttifaqı (Aİ) bizi öz qapısında gözlədir. İndi mən Rusiyaya Qərbdən az etibar etmirəm”, - deyə Ərdoğan vurğulayıb.
Türkiyə prezidenti qeyd edib ki, o, Rusiya rəhbərliyinə “etibar edilə bilməz” iddiaları ilə qətiyyən razı deyil. “Təbii qazımızın yarısı Rusiyadan gəlir, bu da o deməkdir ki, biz həmrəyik. Biz Rusiya Federasiyası ilə də bir sıra birgə layihələr həyata keçiririk. Məsələn, biz müdafiə və təhlükəsizlik sahəsində, eləcə də sənaye sahəsində əməkdaşlıq edirik”, - deyə Rəcəb Tayyib Ərdoğan əlavə edib.
O xəbərdarlıq edib ki, Ukraynadakı hərbi münaqişə "çox uzun" olacaq, lakin Rusiya prezidenti Vladimir Putin "mümkün qədər tez buna son qoymaq istəyir": “Vladimir Putin də mənim kimi Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır. Mən bunu yalnız onun sözlərinə əsasən deyirəm, Putin istəyir ki, bu müharibə tez bitsin. Onun dediyi budur və mən onun sözlərinə inanıram”, - deyə Ərdoğan vurğulayıb.