Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) bir sıra bələdiyyələr üzrə sədrliyə namizədləri məlum olub.
Modern.az TRT-yə istinadən xəbər verir ki, partiyanın sözçüsü Deniz Yücel CHP sədri Özgür Özelin sədrliyi ilə keçirilən Partiya Məclisi (PM) toplantısı ilə bağlı açıqlamalar verib.
Toplantıda bəzi bələdiyyə sədrliyinə namizədlərin müəyyən edildiyini ifadə edən Yücelin sözlərinə görə, Partiya Məclisininin verdiyi qərarla 4-ü böyük şəhər bələdiyyəsi olmaqla, 226 bələdiyyə üzrə sədrliyə namizədlər bəlli olub.
Belə ki, İstanbulda Ekrem İmamoğlu, Ankarada Mansur Yavaş, Bursada Mustafa Bozbey və Balıkesirdə Ahmet Akın namizəd göstərilib.
Bundan başqa, 6 vilayətin (il) bələdiyyə sədrliyinə namizədlər açıqlanıb. Boluda Tanju Özcan, Bayburtda Kubilay Erel, Elazığda Coşkun Çağlar, Gümüşhanedə Bedir Ağaç, Karamanda Recep Sertçelik, Nevşehirdə isə Mehmet Bilgin sədrlik uğrundakı yarışda CHP-ni təmsil edəcəklər.
Qalan namizədlər isə rayon (ilçe) bələdiyyələrinin sədrliyinə namizədlərdir.
"İnanırıq ki, 31 mart seçkilərində xalqa istiqamətlənən siyasətimizlə vətəndaşlarımıza isti əl uzadan bələdiyyələrin sayını artıracağıq", - sözçü bildirib.
Qeyd olunub ki, digər vilayət və rayonlar üzrə də CHP namizədləri yaxın vaxtlarda müəyyənləşdiriləcək.