Bu gün Gürcüstanda Ana Dili Günü qeyd edilir.
Modern.az xəbər verir ki, 14 aprelin Ana Dili Günü kimi qeyd edilməsinin olduqca maraqlı tarixi var.
Belə ki, SSRİ Ali Sovetinin qərarı ilə Gürcüstanda rus dilinə dövlət dili statusu verilməsi cəhdinə etiraz olaraq, 1978-ci ilin bu günündə Gürcüstanın paytaxtı Tbilisidə gürcü dilinin dövlət dili statusunun qorunması tələbi ilə kütləvi etiraz aksiyası keçirilib.
Rustaveli prospekti boyunca toplaşan təxminən 100 minə yaxın insan gürcü dilinin dövlət dili kimi saxlanılmasını tələb edib.
Sovet dövrü üçün görünməmiş miqyasda baş verən bu etirazlar nəticəsində hakimiyyət geri addım atmağa məcbur olub və gürcü dilinin statusu dəyişdirilməyib.
Bu tarixi hadisə sonradan Gürcüstanda hər il Ana Dili Günü kimi qeyd olunmağa başlayıb və milli kimlik mübarizəsinin simvollarından birinə çevrilib.