Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çin səfəri zamanı Vladimir Putini müşayiət edən "nüvə çamadanı"nın mediada geniş müzakirə olunmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, Peskovun sözlərinə görə, Putinin Çinə səfəri zamanı keçirilən tədbirlərdə jurnalistlərin diqqətini cəlb edən "nüvə çamadanı" əslində yeni bir hadisə deyil.
O bildirib ki, bu çamadanı yalnız Rusiya liderini ilk dəfə görən jurnalistlər diqqətçəkən xəbər mövzusuna çeviriblər.
“Görünür, "nüvə çamadanı" haqqında başlıqları Rusiya Prezidentini ilk dəfə görən jurnalistlər hazırlayıblar. "Nüvə çamadanı" onunla birlikdə bütün həyatı boyu uçuşlarda olur və indiyədək heç vaxt belə başlıqlara səbəb olmayıb. Yəqin ki, bunu təcrübəsiz jurnalistlərdən biri gündəmə gətirib”, – deyə Peskov bildirib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin noyabrın 18-19-da Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü sammitində iştirak edib.
O, sammit çərçivəsində Çin lideri Si Cinpin və ABŞ Prezidenti Donald Trampla üçtərəfli görüş də keçirib.
Bu səfər zamanı Putini müşayiət edən Rusiya nümayəndə heyəti "nüvə çamadanı" ilə görüntülənib.
İnternetdə yayılan videoda çamadanı hərbçi zabitin daşıdığı görünür.
Rusiyalı təbliğatçı jurnalist Yevgeni Popov zabitdən bunun "nüvə çamadanı" olub-olmadığını soruşur.
“Bu, həmin "nüvə çamadanı"dır?” – deyə jurnalist sual verib.
Zabit isə qısa şəkildə “Bəli, elə odur” - deyə sualı cavablandırıb.
Məlumatlara görə, Putinin "nüvə çamadanı"nı Rusiya Hərbi Dəniz Qüvvələrinin zabiti daşıyır. Bu şəxs daim Rusiya liderinin yaxınlığında olur, lakin kameralara nadir hallarda düşür.
Rusiya təbliğat mediası yayılan görüntülərlə bağlı yazıb ki, Putinin səfərlərində onsuz keçinmədiyi müəyyən çamadanlar var.
Qeyd edilir ki, "nüvə çamadanı" dövlət başçısının nüvə silahından istifadə ilə bağlı qərarvermə və müvafiq əmrlərin ötürülməsi sisteminin mühüm elementlərindən biridir.
Xarici KİV-i yazır ki, bu sistem dövlət başçısı ilə ölkənin ali hərbi komandanlığı arasında məxfi və qorunan rabitəni təmin edir, nüvə silahından istifadə ilə bağlı əmrlərin ötürülməsinə imkan yaradır.
Lakin çamadanın özü raketləri birbaşa işə salmır. Müvafiq əmrlər Baş Qərargaha ötürülür və daha sonra müəyyən edilmiş komanda zənciri üzrə icra olunur.
"Nüvə çamadanı" ideyası ilk dəfə ABŞ-da, Karib böhranı dövründə ortaya çıxıb.
Medianın məlumatına görə, ABŞ Prezidentinin də analoji çamadanı mövcuddur. Həmin çamadanda dövlət başçısının Ağ Evdə olmadığı zaman nüvə raketlərinin buraxılması barədə əmrin həqiqiliyini təsdiqləməsi üçün istifadə etdiyi kodlar saxlanılır.
A.Qorxmaz