“Güclü Ermənistan” blokunun lideri Samvel Karapetyan bildirib ki, qurumun bundan sonrakı addımları siyasi məqsədlərə çatmaq üçün hansı yolun daha effektiv olacağından asılıdır.
“Əgər əmin olsaq ki, yaxın vaxtda parlament vasitəsilə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilərik, o zaman parlamentə gedəcəyik. Əgər bunun küçə mübarizəsi yolu ilə mümkün olduğunu görsək, həmin yolu seçəcəyik”.
Modern.az xəbər verir ki, Karapetyan bunu məhkəmə iclasından əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, blokun əsas məqsədi mütləq parlamentə düşmək deyil, Nikol Pashinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. O həmçinin qeyd edib ki, siyasi qüvvə seçkilərin nəticələrinin ləğv edilməsi və səsvermənin ikinci turunun təyin olunması tələbi ilə Mərkəzi Seçki Komissiyasınamüraciət edib.
“Güclü Ermənistan”ın həmçinin Ermənistanın Konstitusiya Məhkəməsinə də müraciət edəcəyi bildirilib.
Karapetyan seçkilərin “tamamilə uğursuz, saxtalaşdırılmış və təzyiq şəraitində keçirildiyini” iddia edib.
Onun sözlərinə görə, seçki prosesi zamanı və ondan sonra blokun bölgələrdəki koordinatorları həbs olunub, 780 tərəfdarı isə saxlanılıb.
Siyasətçi hesab edir ki, səsvermənin nəticələri vətəndaşların real iradəsini əks etdirmir.
“Paşinyan qalib gəlməyib. Mən demişdim ki, Ermənistana legitim hakimiyyət lazımdır”, – deyə o əlavə edib.
Ermənistanda parlament seçkiləri 7 iyunda keçirilib. İlkin nəticələrə əsasən, hakim “Vətəndaş müqaviləsi” partiyası, Nikol Pashinyanın rəhbərliyi altında, səslərin 49,825%-ni toplayıb.
Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,281% səs qazanıb. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Hayastan” bloku 9,934% nəticə ilə parlamentə keçid baryerini aşıb.
İlkin nəticələrə görə, “Çiçəklənən Ermənistan” partiyası 3,996% səs toplayıb və parlamentə düşmək üçün lazım olan həddən cəmi 0,004 faiz bəndi geri qalıb.