"Belarus ərazisində Rusiyanın Ukraynaya qarşı pilotsuz uçuş aparatları ilə hücumlarını koordinasiya edən retranslyatorların fəaliyyəti dayandırılmasa, bir həftə sonra Ukrayna bu məsələni özü həll edəcək".
Modern.az UNIANA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mətbuat konfransında danışıb.
“Lukaşenko Belarusun rəhbəridir, Belarus isə bizim qonşu ölkəmizdir. Sərhəddə təhlükəsizlik bizim üçün çox vacibdir. O, çox yaxşı başa düşür ki, biz artıq böyümüş adamlarıq. Heç kim sadəcə sözlərə görə incimir. Amma söhbət mənim ölkəmin təhqir olunmasından gedirsə, biz buna etiraz edəcəyik və bunu unutmayacağıq”, – deyə Ukrayna lideri bildirib.
Zelenski Aleksandr Lukaşenkonun Belarusun müharibəyə cəlb olunmasını istəmədiyi barədə bəyanatlarına skeptik yanaşdığını vurğulayıb.
“Bu məsələdə o, heç olmasa öz xalqına qarşı dürüst olmalıdır. Çünki müharibəyə onun özü deyil, ölkəsi Rusiyanın vasitəsilə cəlb oluna bilər. Onlar müharibənin ilk günlərindən məhz belə davranırlar”, – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti qeyd edib ki, genişmiqyaslı müharibənin başlanğıcında Ukraynaya atılan bir çox raket məhz Belarus ərazisindən buraxılıb.
Onun sözlərinə görə, Lukaşenkonun vəziyyətə nəzarət etmədiyi, bütün qərarların Rusiya tərəfindən qəbul edildiyi barədə açıqlamalarına inanmır.