İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq.
Modern.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz “X” hesabında SEPAH-ın Qüds qüvvələrinin komandanı İsmayıl Qaaniyə fars dilində yazdığı cavabında bildirib.
“İranın Qüds qüvvələrinin komandanı Qaani son vaxtlar İsrailə qarşı çoxsaylı təhdidlər səsləndirir. Ona “casus” obrazı bu gülünc təhdid yağdırmalarından daha çox yaraşırdı.
Hər halda əgər İran İsrailə hücum etsə, bu, onun indiyə qədər etdiyi ən böyük səhv olacaq. Burada nə Hörmüz boğazı, nə də mülki əhaliyə atəş açmaq ona kömək edəcək. Heç nə bizi dayandıra bilməz. Bizim qüvvələrimiz işi bitirməyə hazırdır”, - Katz vurğulayıb.
Qeyd edək ki, İsmayıl Qaani İsrail qoşunlarının Livandan çıxmalı olduğu ilə bağlı bəyanatlar səsləndirib. O, əvvəllər Qüds qüvvələrinin komandanı Qasim Süleymaninin müavini olub, İsmayıl Qaani Qasim Süleymaninin öldürülməsindən sonra sözügedən bölmənin komandanı təyin edilib.