Ermənistanın Baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim olunacağını açıqlayıb.
Modern.az xəbər verir ki, Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib ki, Konstitusiyanın dəyişdirilməsi hakim siyasi qüvvənin seçki proqramına daxil edilib və onun fikrincə, bu təşəbbüs vətəndaşların dəstəyini qazanıb.
Baş nazir qeyd edib ki, parlamentdə mövcud mandat bölgüsü Konstitusiyaya yalnız parlament mexanizmləri ilə dəyişiklik etməyə imkan vermir. Buna baxmayaraq, hakim komanda bu məsələni gündəmdə saxlamağı vacib hesab edir.
Yeni Konstitusiya layihəsinin indiyədək niyə açıqlanmadığı ilə bağlı suala cavab verən Paşinyan deyib ki, hakim "Vətəndaş müqaviləsi" Partiyasının idarə heyəti layihə ilə bağlı bir sıra təkliflər irəli sürüb. Lakin seçkiqabağı dövrdə tələsik müzakirələrin aparılmaması qərara alınıb və proses seçkidən sonrakı mərhələyə saxlanılıb.
Onun sözlərinə görə, təkliflərin təqdim edilməsi müddəti başa çatıb, onların əksəriyyəti üzrə müzakirələr yekunlaşıb. Hazırda yalnız bir təklif ətrafında müzakirələr davam edir.
"Dəqiq tarix demək istəmirəm. Yalnız onu deyə bilərəm ki, ilin sonuna qədər layihənin mətnini ictimaiyyətə təqdim edəcəyik", – Paşinyan bildirib.
Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, bu cür müddəalar regional sabitlik üçün risk yarada bilər.
Söhbət bəyannamədə Ermənistan Respublikası ilə keçmiş "Dağlıq Qarabağ"ın birləşdirilməsinə dair müddəadan gedir. Azərbaycan bu müddəaya etiraz edir və rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir.