Romada Livan və İsrail nümayəndə heyətlərinin qapalı formatda keçiriləcək və texniki qruplara çərçivə sazişinin şərtlərinin faktiki icrasına keçməyə imkan verəcək görüşü baş tutacaq.
Modern.az xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid yüksəkvəzifəli Amerika rəsmisinə istinadən məlumat yayıb.
Xatırladaq ki, Livan hökuməti ölkənin cənubundan İsrail qoşunların bir hissəsinin ilkin çıxarılmasına qədər danışıqların növbəti raundunda iştirak etməkdən imtina edib.
"Qoşunların çıxarılması üzrə ilk pilot layihə bir neçə gün ərzində işə salınacaq. Əlavə pilot zonalar artıq xəritələşdirmə və planlaşdırma mərhələsindədir. ABŞ Ordusunun Mərkəzi Komandanlığı (CENTCOM) sonrakı irəliləyişi hər iki ölkə ilə əlaqələndirir", - mənbə qeyd edib.
Onun məlumatına görə, yaxın vaxtlarda ABŞ beynəlxalq tərəfdaşlarla birlikdə bu pilot zonalarda, gələcəkdə isə bütövlükdə bütün ölkə ərazisində suverenliyin səmərəli şəkildə bərpa edilməsi üçün Livan hökumətinə kömək göstərməyə başlayacaq.