Yunanıstan Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 21-ci sanksiyalar paketinin qəbuluna etiraz edib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Məlumata görə, Afina Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) üçüncü ölkələrə daşınmasına qoyulması nəzərdə tutulan qadağaya qarşı çıxıb. Yunanıstan tərəfi hesab edir ki, bu məhdudiyyət ölkənin tanınmış iş adamı Georgi Prokopiunun sahibi olduğu Dynagas şirkətinə ciddi zərbə vuracaq.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Yunanıstanın Aİ-dəki daimi nümayəndəsi digər üzv ölkələrə bildirib ki, təklif olunan sanksiyalar Dynagas şirkətini faktiki olaraq fəaliyyətini dayandırmağa məcbur edə bilər. Onun sözlərinə görə, şirkətə məxsus gəmilər başqa marşrutlarda istifadə oluna bilməyəcək və nəticədə satılmalı olacaq.
Qeyd edilir ki, belə qazdaşıyan gəmilərin hər birinin dəyəri təxminən 300 milyon dollar təşkil edir.
Dənizçilik portalı Equasisin məlumatına əsasən, Dynagas şirkəti hazırda 27 qazdaşıyan gəmini istismar edir. Onların üçdə biri Rusiyanın "Yamal LNG" layihəsi üçün xüsusi olaraq buzlu Arktika sularında işləmək məqsədilə inşa edilmiş Arc7 sinifli tankerlərdir.
Xatırladaq ki, Georgi Prokopiu həmçinin Dynacom, Dynagas Holding və Sea Traders şirkətlərinin sahibidir. Forbes jurnalının qiymətləndirməsinə görə, iş adamının və ailəsinin sərvəti 4,7 milyard dollar təşkil edir.