İspaniyanın baş naziri Pedro Sançez Seutada yaşanan miqrant böhranı ilə bağlı bir sıra Avropa İttifaqı ölkələrinin mövqeyini tənqid edib.
Modern.az xəbər verir ki, o, həmin ölkələri “eqoist yanaşmada” ittiham edib və daxili işlər nazirləri səviyyəsində təcili danışıqların keçirilməsini tələb edib.
Aİ ölkələrinin liderlərinə göndərdiyi məktubda Sançes bildirib ki, “mövcud beynəlxalq vəziyyətdə Avropa İttifaqı bu qədər eqoist, qütbləşdirici və hüquqa zidd reaksiyaya yol verə bilməz”. O, həmçinin 27 üzv dövlətin daxili işlər nazirlərinin mümkün qədər tez görüş keçirməsinə çağırıb.
İspaniyanın daxili işlər naziri Fernando Grande-Marlaskanın sözlərinə görə, Mərakeşlə Seuta arasındakı sərhədi keçməyə cəhd zamanı azı 67 nəfər həlak olub.
Əvvəllər Seutaya kütləvi şəkildə daxil olan miqrantların əksəriyyəti artıq şənbə gününə qədər Mərakeşə qayıdıb. Hakimiyyətin məlumatına görə, on minlərlə insan sərhədi keçib, onların çoxu sərhəd maneələrindən yan keçmək üçün dəniz yolu ilə üzərək daxil olub.
Qeyd edək ki, Aİ-nin 27 ölkəsindən 22-si daxili işlər nazirlərinin təcili videokonfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Birgə məktubda onlar böhrana qarşı əlaqələndirilmiş cavab hazırlanmasına və yeni nəzarətsiz sərhəd keçidlərinin qarşısını almaq üçün tədbirlər görülməsinə çağırıblar.