Ukraynanın daxili işlər naziri azərbaycanlı həmkarı general-polkovnik Vilayət Eyvazovla telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri “Telegram” hesabında məlumat verib.
Bildirilib ki, telefon danışığı zamanı Ukraynada mülki infrastruktura zərbələr və dinc sakinlərə hücumlar barədə məlumat verilib.
Tərəflər Azərbaycan və Ukrayna arasında hüquq-mühafizə sahəsində əməkdaşlığı da müzakirə ediblər. Əsas əməkdaşlıq istiqamətləri kimi mütəşəkkil və transmilli cinayətkarlığa qarşı mübarizə, kibertəhlükəsizlik, dələduzluqla mübarizə və praktiki qarşılıqlı fəaliyyətin gücləndirilməsi qeyd olunub.
Danışıq zamanı birgə humanitar təşəbbüslərə, xüsusilə səhiyyə, reabilitasiya və ukraynalı hərbçilərin ailələrinə sosial dəstək məsələlərinə də diqqət yetirilib.
Ukraynalı nazir qeyd edib ki, təkcə son bir il ərzində Azərbaycan Ukrayna Daxili İşlər Nazirliyinin liseylərində təhsil alan iki qrup şagirdi qəbul edib. Uşaqlar Azərbaycanda ölkənin mədəniyyəti və tarixi ilə tanış olublar.
Həmçinin bildirilib ki, son illərdə Ukraynanın müvafiq bölmələri Azərbaycandan humanitar minatəmizləmə üçün avadanlıq, eləcə də elektrik enerjisinin kəsilməsi zamanı fasiləsiz fəaliyyəti təmin edən texnika alıb.
Ukrayna tərəfi göstərilən dəstəyə görə Azərbaycan hökumətinə və xalqına təşəkkür edib.
Nazirlər iki ölkənin daxili işlər qurumları arasında tərəfdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.