İran hakimiyyəti ABŞ və İsraillə müharibənin genişləndirilməsinə dair gizli plan hazırlayıb və qarşıdurmanın yeni mərhələsinə hazırlaşır.
Modern.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) ərəb ölkələrinin bir neçə kəşfiyyat xidmətinin məlumatlarına istinadən yazıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Tehran əsas məqsədini ABŞ və İsrailə elə böyük zərər vurmaq kimi müəyyənləşdirib ki, ölkə ərazisinə ötən il 12 günlük müharibə zamanı və hazırkı qarşıdurmada olduğu kimi genişmiqyaslı zərbələrin təkrarlanmasının qarşısı alınsın.
WSJ-nin məlumatına görə, İran hakimiyyəti İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ölkənin nizami ordusu üzərində daha geniş səlahiyyətlər verib.
Bundan başqa, İran silahlı qüvvələrində əsas vəzifələrə İran-İraq müharibəsinin təcrübəli veteranları və ərazisində ABŞ hərbi bazalarının yerləşdiyi ərəb ölkələrinə zərbələrin endirilməsini dəstəkləyən şəxslərin təyin edildiyi bildirilir.
Mənbələr həmçinin İranın əks-kəşfiyyat əməliyyatlarını genişləndirdiyini, raket və pilotsuz uçuş aparatlarının istehsalını sürətləndirdiyini bildiriblər.
Nəşrin məlumatına görə, mümkün eskalasiya ssenariləri arasında Fars körfəzində internet kabellərinə qarşı diversiyalar, eləcə də Küveyt və Bəhreyn kimi şiə icmalarının yaşadığı ölkələrdə siyasi sabitliyin pozulmasına yönəlmiş addımlar yer alır.
Mənbələr Küveytdə quru əməliyyatının keçirilməsi ehtimalının da istisna edilmədiyini bildiriblər.
Qeyd edək ki, WSJ bu məlumatları ərəb ölkələrinin kəşfiyyat məlumatları ilə tanış olan mənbələrə istinadən yayıb.