ABŞ Prezidenti Donald Tramp "Foks Nyus"un müxbiri Trey Yanqstla müsahibəsində İran, Hörmüz boğazı, Oman və İsraillə bağlı bir sıra açıqlamalar verib.
Modern.az xəbər verir ki, Tramp Hörmüz boğazı ilə bağlı mövqeyini açıqlayarkən Omanla bağlı sərt ifadələr işlədib.
Tramp Oman ABŞ-ın Hörmüz boğazındakı fəaliyyətinə müdaxilə edərsə, “onları pis şəkildə bombalayarıq” deyib.
ABŞ Prezidenti İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmiləri ilə gizli əlaqə kanallarının olduğunu da bildirib.
Tramp İranın orta səviyyədə çoxlu sayda silaha malik olduğunu söyləyib.
İranla əldə olunan razılaşmanın müddətinin başa çatması barədə danışan Tramp Tehran rəhbərliyinin “təslim olmalı olduğunu” vurğulayıb və “tələsmirəm” deyib.
Tramp ABŞ-ın İrana qarşı tətbiq etdiyi dəniz blokadasının “iqtisadi təzyiq” yaratdığını bildirib və İranın bu məsələdə “blöf etdiyini” iddia edib.
ABŞ Prezidenti oktyabrda İsraildə keçiriləcək seçkilərə də münasibət bildirib. “Mənim İsrail seçkilərindən kənarda qalmağım ən doğru variantdır. Lakin namizədlərdən birini dəstəkləyə bilərəm”, – deyə Tramp qeyd edib.
Tramp HƏMAS-la müxtəlif kanallar vasitəsilə əlaqə saxladıqlarını da açıqlayıb. O, HƏMAS-ın “silahlarını yerə qoyacağını” deyərək, İsrailin “Qəzzaya hücum etməməli olduğunu” bildirib.