ABŞ-ın biotexnologiya şirkəti Moderna-nın melanoma əleyhinə hazırladığı fərdi mRNT vaksininin klinik sınaqlarında müsbət nəticələr əldə edilib.
Modern.az xəbər verir ki, şirkətin səhmləri açıqlanan nəticələrdən sonra birja ticarətində təxminən 150 faiz bahalaşaraq 63 dollardan 160 dollardan yuxarı qalxıb. Nəticədə Moderna şirkətinin bazar kapitallaşması 55 milyard dolları ötüb.
Söhbət şirkətin ABŞ-ın Merck şirkəti ilə birlikdə hazırladığı Intismeran adlı eksperimental mRNT vaksindən gedir.
Preparat yüksək riskli və ya yayılmış melanoma diaqnozu qoyulan, cərrahi əməliyyatla şişi çıxarılan xəstələr üzərində sınaqdan keçirilib. Tədqiqatda 1100-dən çox pasiyent iştirak edib.
Vaksinin əsas xüsusiyyəti onun hər xəstə üçün fərdi şəkildə hazırlanmasıdır. Preparat xəstənin şişinin özünəməxsus genetik xüsusiyyətləri əsasında hazırlanır və mRNT texnologiyasından istifadə edir. Vaksin pembrolizumab (Keytruda) preparatı ilə birlikdə tətbiq edilib. Sınaqlar zamanı kombinasiyanın yalnız pembrolizumab qəbul edən xəstələrlə müqayisədə klinik baxımdan əhəmiyyətli üstünlük göstərdiyi bildirilib.
Şirkətin açıqlamasına görə, bu, mRNT əsaslı xərçəng vaksininin klinik sınaqların gec mərhələsində ilk dəfə müsbət nəticə göstərməsi baxımından mühüm hadisədir. Moderna və Merck yaxın aylarda preparatın tənzimləyici qurumlar tərəfindən qiymətləndirilməsi ilə bağlı danışıqlara başlamağı planlaşdırır.
Texnologiyanın digər onkoloji xəstəliklərin müalicəsində tətbiqi imkanları da araşdırılır.