Ermənistanın Xarici İşlər Nazirliyinin adı dəyişdirilərək Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi olacaq.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib.
Paşinyanın sözlərinə görə, bu addım inkişaf etmiş bir sıra ölkələrdə tətbiq olunan təcrübəyə uyğundur. O qeyd edib ki, bir çox inkişaf etmiş dövlətlərdə nazirliyin adı beynəlxalq iqtisadi əlaqələrin inkişafını da əks etdirir.
Baş nazir bildirib ki, Ermənistanın Xarici İşlər Nazirliyinin adında indiyədək belə bir yanaşma olmayıb və bunun obyektiv səbəbləri mövcud idi.
Paşinyan qeyd edib ki, Üçüncü Respublikanın mövcud olduğu bütün dövr ərzində Xarici İşlər Nazirliyinin fəaliyyətinin 75-80 faizi münaqişə və ya münaqişə gündəliyindən irəli gələn fəaliyyətlə bağlı olub.
Ermənistanın hazırkı xarici işlər naziri Ararat Mirzoyandır.