Braziliyanın Mae do Rio şəhərində 21 yaşlı bloqer Evelin Lima Dantas qətlə yetirilib.
Modern.az xarici KİV-ə istinadla bildirir ki, cinayət sentyabrın 16-na keçən gecə törədilib.
Polis və yerli KİV-in məlumatına görə, gənc qadının evinin qarşısına bir avtomobil yaxınlaşıb və içindən iki silahlı şəxs düşüb. Onlar zorla evə daxil olaraq Evelini çölə çıxarıb və atasının gözü qarşısında, səkidə onu güllələyərək öldürüblər.
Hadisədən sonra cinayətkarlar hasarın üzərinə sprey boya ilə TCP — “Terceiro Comando Puro” ("Saf Üçüncü Komanda") — abreviaturasını yazıblar. Bu qruplaşma 2002-ci ildə Rio-de-Janeyroda yaranıb və Braziliyanın ən böyük cinayətkar dəstələrindən biri hesab olunur.
