Rusiyada IX çağırış Dövlət Dumasına keçirilən seçkilərdə “Ədalətli Rusiya” partiyası da protokolların 96,95 faizinin işlənməsindən sonra 5 faizlik baryeri keçib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Hazırda “Vahid Rusiya” 57,83 faiz səslə birinci yerdədir. KPRF 13,76 faiz, LDPR 9,01 faiz, “Yeni İnsanlar” isə 7,96 faiz səs toplayıb.
Protokolların 95,18 faizinin işlənməsindən sonra “Ədalətli Rusiya” 4,96 faiz səs toplamış və 5 faizlik baryeri keçə bilməmişdi. Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova isə partiyanın Dövlət Dumasına düşmək şansının qaldığını bildirmişdi.
Seçkilərin yekun nəticələri açıqlanmasa da, ilkin hesablamalara əsasən “Vahid Rusiya” yeni Dövlət Dumasında konstitusion çoxluq əldə edəcək. Protokolların 95,18 faizinin işlənməsindən sonra partiyanın 355 mandat qazanacağı gözlənilir. KPRF 40, LDPR 25, “Yeni İnsanlar” isə 20 mandat əldə edə bilər.
Beləliklə, “Vahid Rusiya”nın fraksiyası partiyanın tarixində ən böyük fraksiya olacaq. Əvvəlki rekord 2016-cı il seçkilərinin nəticələrinə əsasən əldə edilmiş 343 mandat olub.
IX çağırış Dövlət Duması 450 deputatdan ibarət olacaq. Onlardan 225 mandat federal partiya siyahıları üzrə, digər 225 mandat isə birmandatlı seçki dairələri üzrə bölüşdürülür. Yeni çağırışın səlahiyyət müddəti beş il olacaq.
Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə, seçkilərin yekun nəticələri sentyabrın 25-dən tez olmayaraq açıqlanacaq. Onun sözlərinə görə, bu müddət Mərkəzi Seçki Komissiyasının baxmasını tələb edən şikayətlərin daxil olması ehtimalı nəzərə alınaraq müəyyənləşdirilib.