"Fənərbaxça" klubunun baş məşqçisi İsmayıl Kartal Çempionlar Liqasında “Roma” ilə 1:1 hesablı heç-heçədən sonra istefa verdiyini açıqlayıb.
Modern.az xəbər verir ki, İsmayıl Kartal ötən gecə keçrilən oyundan sonra mətbuat konfransında komandasının Çempionlar Liqasına layiq futbol oynadığını bildirib.
İ.Kartal daha sonra istefa qərarını açıqlayıb. O, klubda üç aydır çalışdığını xatırladaraq rəhbərliyin ona hər məsələdə dəstək verdiyini bildirib.
“Bu axşam vəzifəmdən istefa edirəm. Bir daha geri qayıtmamaq şərti ilə. Futbolçularımıza çox təşəkkür edirəm. Klubun qarşısını açmaq üçün belə bir qərar verdim”, - deyə Kartal vurğulayıb.
"Fənərbaxça" klubunun prezidenti Əziz Yıldırım isə Kartalın istefasını qəbul etmədiyini bildirib.
Yıldırımın sözlərinə görə, baş məşqçi “Roma” ilə oyundan sonra təzyiq altında olub. O, Kartalın başına tribunadan su şüşəsi atıldığını və bunun məşqçiyə ciddi təsir etdiyini deyib.
“İsmayılın vəziyyətini gördünüz. İnsan bu qədər sıxıntıya dözə bilərmi? Biz də eyni təzyiq altındayıq. İsmayıl Kartalın başına su şüşəsi atdılar. Biz bunu gördük. Buna görə üzgündür. Səbəb budur”, - Yıldırım bildirib.
Prezident komandanın yaxşı oynadığını və əldə olunan bir xalın növbəti mərhələyə yüksəlmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Əzizi Yıldırım "Fənərbaxça"nın 18 ildən sonra Çempionlar Liqasına qayıtmasını da uğur kimi qiymətləndirib.
O, İsmayıl Kartalın klubda qalacağını qəti şəkildə açıqlayıb:
“İsmayıl Kartal vəzifəsinin başındadır. Bu komandaya və İsmayıl Kartala sahib çıxmaq lazımdır. Başına şüşə atmaqla insana sahib çıxa bilməzsiniz. Çempionlar Liqası matçında yaxşı oynadıq və 1:1 hesabı qeydə alındı. Meydanda taktiki mübarizə gedirdi. Bunu görməmək ayıbdır”.
“İsmsyıl Kartala "davam edəcəksən" dedim və məsələ bitdi. Mən onun böyüyüyəm. Biz bir ailəyik. Bizdən qaynaqlanan heç bir problem yoxdur”, - Əzizi Yıldırım deyib.