İyunun 1-dən etibarən Bakı şəhəri növbəti dəfə enerji sahəsində beynəlxlaq əhəmiyyətli vacib tədbirlərin yer alacağı Bakı Enerji Həftəsinə ev sahibliyi edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Zaur Şükürov deyib.
Onun sözlərinə görə, bu tədbir enerji sektoru üçün mühüm bir platforma olmaqla yanaşı, Azərbaycanın geosiyasi çəkisini, diplomatik nüfuzunu və enerji sahəsindəki strateji rolunu bir daha beynəlxalq arenada nümayiş etdirilməsi baxımından xüsusilə əhəmiyyətlidir:
"Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışı müstəqil Azərbaycanın enerji strategiyasının inkişaf yolu, əldə olunan uğurlar və qarşıda duran hədəflər barədə mühüm mesajları ehtiva edir.
Müstəqilliyimizin son dərəcə ağır, iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit keçən ilk illərini, o cümlədən ərazimizin təxminən 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və nəticədə bir milyon həmvətənimizin qaçqın həyatı yaşadığını, yoxsulluq səviyyəsinin 50 faizi aşdığını, işsizliyin geniş yayıldığını, hətta elektrik enerjisi və təbii qazı idxal etdiyimizi xatırladan Prezident İlham Əliyev həmin dövrdə müstəqil ölkə kimi yaşamaq və inkişaf etmək üçün sahib olduğumuz təbii sərvətlərdən səmərəli istifadəni yeganə çıxış yolu kimi gördüyümüzü və Xəzərin enerji ehtiyatlarının beynəlxalq neft şirkətlərinə açan ilk ölkə olduğumuzu bildirdi.
Həqiqətən də, Ulu Öndər Heydər Əliyevin uzaqgörən enerji strategiyası və bu kursun Prezident cənab İlham Əliyev tərəfindən son dərəcə uğurla gerçəkləşdirilməsi bugünkü Azərbaycanımızın inkişafının və əldə etdiyi nailiyyətlərinin əsasını təşkil etdiyini əminliklə söyləyə bilərik".
Zaur Şükürov bildirib ki, dövlət başçısının da qeyd etdiyi kimi, bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir: “Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur. Biz ehtiyatlarımızı Dövlət Neft Fondu və Mərkəzi Bankda topladıq. Beləliklə, ehtiyatlarımız xarici borcu 18 dəfədən çox üstələyir. Bütün bunlar birinci növbədə bizim təbii sərvətlərimizdən düzgün istifadə etdiyimizə görə baş verdi. Biz həm investorlara, həm də ev sahibi ölkəsinə qazanc gətirən vəziyyəti yaratdıq. Biz milli maraqlar üzərində dayanan çox praqmatik siyasət həyata keçirtdik”.
Onun sözlərinə görə, Prezidentin çıxışında diqqət çəkən məqamlardan biri də, enerji gəlirlərinin yalnız sosial-iqtisadi sahəyə deyil, hərbi quruculuğa da yönəldildiyinin vurğulanmasıdır.
"Belə ki, 30 il boyunca işğal altında qalmış torpaqlarımızın azad edilməsini mümkün edən güclü ordunu məhz enerji gəlirləri hesabına qurmaq mümkün oldu. Bütün bunlar isə enerji siyasəti ilə dövlət və ordu quruculuğu arasındakı birbaşa əlaqəni son dərəcə aydın şəkildə ortaya qoyur. Ölkəmizdə istər sosial-iqtisadi, hərbi, istərsə də xarici siyasət baxımından baş verən inkişaf prosesləri təbii sərvətlərdən düzgün istifadə olunduğu zaman bu siyasətin bir çox üstünlüklərə yol aça biləcəyini sübut edən amillərdir.
Prezidentin çıxışında karbohidrogen ehtiyatlarına malik ölkələrə sərgilənən münasibətlə bağlı fikirləri xüsusilə önəmlidir. Belə ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkə və şirkətlərə damğa vurularaq, bəzən onlar qarayaxma obyektinə çevrilmiş, planetə ciddi ziyan vurmaqda ittiham olunmuş, heç bir əsas olmadan ictimai rəydə mənfi fikir formalaşdırılmışdır. Unutmayaq ki, hər bir ölkə torpağının təkində və ya dənizinin dibindəki təbii ehtiyatlarını öz inkişafı üçün istifadə edir və ölkələr sahib olduqları neft ehtiyatlarına görə deyil, həmin resurslardan əldə olunan gəlirləri necə idarə etdiklərinə — sosial infrastruktura, təhsilə, səhiyyəyə, bərpaolunan enerjiyə necə investisiya yatırdıqlarına görə qiymətləndirilməlidir.
Amma bugünkü reallığa nəzər yetirdikdə, vəziyyətin tamamilə fərqli olduğunu görürük. Enerji siyasətlərində ənənəvi qazıntı yanacağından imtinanı prioritet hesab edən ölkələr enerji çatışmamazlığı ilə üzləşərək yeni mənbələr axtarışındadırlar. Fars körfəzində baş verən münaqişənin enerji bazarına mənfi təsirləri fonunda bu reallıq özünü daha qabarıq şəkildə göstərməkdədir.
Azərbaycanın enerji infrastrukturunun əsas sütunu olan Cənub Qaz Dəhlizi ilə bağlı fikirlərini səsləndirən cənab İlham Əliyev bu layihə vasitəsilə Azərbaycanın qazını alan ölkələrin sayının keçən ildəki 12-dən 16-ya çatdığını, bunların 10-unun Avropa İttifaqı üzvü olduğunu, boru xətti ilə qazın ərazi və coğrafiya parametrləri baxımından ölkələrə nəql edilməsində Azərbaycanın dünyada birinci yerdə olduğunu bildirdi.
Prezidentin çıxışında yer alan digər vacib məsələ isə karbohidrogen və bərpaolunan enerji strategiyalarını bir-birinə zidd deyil, əksinə bir-birini tamamlayan iki istiqamət kimi təqdim edilməsidir. Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkənin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayətdir. Lakin üzərimizə düşən məsuliyyətin bərpaolunan enerji mənbələrinə də sərmayə yatırmağı tələb etdiyini nəzərə alaraq, bu istiqamətdə investor şirkətlər üçün ötən əsrin 90-cı illərindəki neft şirkətlərinə yaradılan imkanlara bənzər əlverişli şərait formalaşdırılmışdır".
Millət vəkili bildirib ki, Günəş və külək enerjisi üzrə ümumi gücün gələn ilin sonunadək 2 qiqavata, 2032-ci ilin sonunadək isə 8 qiqavata çatacağını açıqlayan ölkə başçısı, Qarabağ və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox hidroenerji gücünün istifadəyə verildiyini diqqətə çatdırdı:
"Qarşıdan gələn illərdə ölkəmiz Avropaya “yaşıl enerji” ixracatında mühüm layihələrə imza atacaq. Belə ki, texniki-iqtisadi əsaslandırma mərhələsinin yekunlaşmaq üzrə olduğu “Qara dəniz Enerji Kabeli” layihəsi Azərbaycanı Gürcüstan, Qara dəniz vasitəsilə Rumıniya, Macarıstan və digər ölkələrlə birləşdirəcək. Eyni zamanda Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi icra mərhələsindədir. Bununla yanaşı, Mərkəzi Asiyadakı tərəfdaşlarla birlikdə Xəzərin şərq sahillərindən Azərbaycana qədər uzanacaq yaşıl enerji kabeli layihəsi üzərində işlər aparılır.
Enerji siyasətində əldə olunan nailiyyətlərimizdə, heç şübhəsiz, Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən uğurlu diplomatik fəaliyyət də xüsusilə qeryd edilməlidir. Məlumdur ki, Azərbaycan dənizə çıxışı olmayan dövlətdir. Buna baxmayaraq, həyata keçirilən praqmatik və uzaqgörən, milli maraqlarımıza əsaslanan xarici siyasət kursumuz sayəsində nəinki enerji ehtiyatlarımızı səmərəli şəkildə dünya bazarına çıxarmağa nail olduq, həmçinin Avropa İttifaqı, o cümlədən 16 ölkənin enerji təhlükəsizliyinə mühüm töhvə verməkdəyik.
Təqdirəlayiq haldır ki, qardaş Türkiyə, ABŞ, Böyük Britaniya kimi dövlətlərin liderlərinin ünvanladıqları məktublarda da, əvvəllər xəyal kimi görünən bir çox meqalayihənin uğurla həyata keçirildiyi, qlobal qeyri-müəyyənlik dövründə beynəlxalq enerji təhlükəsizliyinin irəliyə doğru aparılmasında və dayanıqlı mövqenin gücləndirilməsində Azərbaycanın çox mühüm tərəfdaş olduğu qeyd edilir və bu nailiyyətin ölkəmizin, şəxsən Prezident cənab İlham Əliyevin liderlik keyfiyyətlərinin sübutu kimi qiymətləndirilir.
Qeyd edilənlər Azərbaycanın nəinki beynəlxalq enerji bazarında etibarlı tərəfdaşa çevrildiyinin sübutudur, eyni zamanda öz milli maraqlarına söykənən və tərəfdaş dövlətlərlə səmərəli, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətləri formalaşdırmaq bacarığının bariz nümunəsidir. Əminliklə söyləmək olar ki, məhz bu siyasətin nəticəsində qarşıdakı illərdə daha böyük uğurlara şahidlik edəcəyik",