Hər ay 2,2 milyon vətəndaşa 900 milyon manat ödəniş edilir.
Modern.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev bildirib.
"Təşəbbüsün mahiyyəti elə adında əks olunub: söhbət hər kəsi əhatə edən, inklüziv və bərabər sosial müdafiə xidmətlərindən gedir. Dövlət adından həyata keçirdiyimiz sosial müdafiə xidmətləri hüququ çatan hər bir şəxs üçün əlçatan olmalıdır. DSMF-nin 80-ə yaxın xidmətinin hər biri ölkəmizin təxminən 10 milyon 300 min nəfərlik əhalisinin hər biri üçün hüququ yaranan anda açıqdır və bu hüquq əksər hallarda heç bir müraciət tələb olunmadan, proaktiv qaydada təmin edilir. Bu, inklüzivliyin bariz göstəricisidir.
Gündəlik həyatda bunun ifadəsi konkret rəqəmlərdədir: hər ay 2 milyon 200 min vətəndaşa sosial ödəniş həyata keçiririk ki, bu da təxminən aylıq 900 milyon manat vəsait deməkdir. Bu vəsaitin 74 faizi əmək pensiyalarının, qalan hissəsi isə sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, Prezident təqaüdlərinin, kompensasiyaların, səlahiyyətlərimizə son illərdə aid edilən bəzi icbari sığorta növlərinin payına düşür",-deyə o qeyd edib.
Z.Mirzəyev əlavə edib ki, bu il ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 465 milyon manat nəzərdə tutulub.