Modern.az

Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək

Ermənistan Azərbaycana bu məhsulları ixrac edəcək

İqtisadiyyat

Bu gün, 17:00

Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı bugünkü açıqlamaları diqqət çəkib. Paşinyan yaxın vaxtlarda ölkəsindən Azərbaycana məhsul ixracının da həyata keçiriləcəyinə əmin olduğunu bildirib.

Lakin o, hansı məhsulların ixrac ediləcəyini dəqiq deməyib. Ermənistanın Azərbaycana hansı məhsulları ixrac edəcəyi isə maraq doğuran məsələdir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan mühüm irəliləyişdən sonra iki ölkə arasında uzun illər davam edən münaqişənin başa çatdırılması və problemlərin birbaşa dialoq yolu ilə həlli istiqamətində yeni mərhələ başlayıb:

"Artıq ötən ilin sonlarından etibarən Azərbaycan öz ərazisini Ermənistanın tranzit daşımaları üçün açmağa başlayıb. Eyni zamanda, Azərbaycan Ermənistana neft məhsullarının ixracını da həyata keçirir. Azərbaycanın ilk neft məhsulları Ermənistan bazarına daxil olanda, təbii ki, müəyyən şübhə və tərəddüdlər var idi. Lakin zaman keçdikcə, Azərbaycan benzininin və dizelinin rəqabətqabiliyyətli olması özünü göstərdi və bu məhsullara tələbat yarandı. Hesab edirəm ki, gələcəkdə Azərbaycanın Ermənistana ixrac etdiyi məhsulların çeşidi daha da genişlənə bilər. Məsələn, Azərbaycanın kimya sənayesi məhsullarına Ermənistanda tələbatın yaranması mümkündür. Bazarda ehtiyaclar və imkanlar öyrənildikcə, qarşılıqlı ticarət üçün əlverişli olan digər məhsulların da ixracı həyata keçirilə bilər. Bundan başqa, dövlət başçımız Naxçıvanda AzTV-yə müsahibəsində Azərbaycandan Ermənistana elektrik enerjisinin ixracının da mümkün olduğunu bildirib".

Deputat qeyd edib ki, təbii olaraq, ticari-iqtisadi münasibətlər inkişaf etdikcə, Ermənistandan Azərbaycana idxal olunan məhsulların da meydana çıxması mümkündür:

"Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla Ermənistan arasında elektrik enerjisinin qarşılıqlı ixracı imkanını istisna etməyib. Bu, gələcəkdə iki ölkə arasında iqtisadi əməkdaşlığın enerji sektorunu da əhatə edə biləcəyini göstərir. Təbii ki, ticari-iqtisadi münasibətlər inkişaf etdikcə, Ermənistandan Azərbaycana idxal olunan məhsulların da meydana çıxması mümkündür. Mən hesab edirəm ki, ilk növbədə dağ-mədən sənayesi, faydalı qazıntılar, müxtəlif xammal növləri və həmin sahə ilə bağlı məhsullar bu istiqamətdə potensial təşkil edə bilər. Ermənistanın Azərbaycana, Azərbaycanın isə Ermənistana müxtəlif məhsullar ixrac etməsi gələcəkdə tamamilə normal iqtisadi münasibətə çevrilə bilər. Ancaq bunun üçün, hər şeydən əvvəl, iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması və münasibətlərin hüquqi-siyasi əsaslarının möhkəmləndirilməsi vacibdir. Sülh müqaviləsindən sonra diplomatik münasibətlərin qurulması və qarşılıqlı iqtisadi əlaqələrin daha geniş şəkildə inkişaf etdirilməsi üçün yeni imkanlar yaranacaq. Ola bilsin ki, zaman keçdikcə Azərbaycanda Ermənistan istehsalı olan məhsullara, Ermənistanda isə Azərbaycan brendlərinə rast gələk. Çünki qonşu dövlətlər arasında normal münasibətlər formalaşdıqdan sonra əməkdaşlığın istiqamətləri də genişlənir. Ticarət və iqtisadi əlaqələr yalnız iqtisadi dividendlər yaratmır, eyni zamanda xalqlar arasında qarşılıqlı etimadın və əlaqələrin möhkəmlənməsinə xidmət edir".

Deputatın sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişlənməsi uzun illər davam etmiş düşmənçilik və qarşıdurmanın tədricən aradan qaldırılmasına da müsbət təsir göstərə bilər:

"Ən başlıcası isə insanların bir-birinə münasibətində dəyişiklik yaranacaq, qarşılıqlı təmaslar artacaq və gələcəkdə azərbaycanlıların öz dədə-baba yurdlarına təhlükəsiz və sərbəst şəkildə qayıtması üçün də daha əlverişli şərait formalaşa bilər. Amma bütün bunlar o demək deyil ki, tariximizi unutmalıyıq. Əksinə, Azərbaycan xalqının üzləşdiyi faciələr, münaqişə dövründə baş vermiş hadisələr və tarixi həqiqətlər gələcək nəsillərə çatdırılmalıdır. Tarixi yaddaş qorunmalıdır ki, keçmişdə baş vermiş faciələr gələcəkdə təkrarlanmasın. Eyni zamanda, tarixi unutmadan gələcəyə baxmağı da bacarmalıyıq. Çünki bütün çətinliklərə və ağrılı tarixə baxmayaraq, biz qonşuyuq və gələcəkdə birgə yaşayışın, qarşılıqlı əməkdaşlığın yollarını tapmalıyıq. Bu gün iki ölkə arasında yaranmış praktiki sülh şəraitinə Azərbaycan və Ermənistan cəmiyyətləri tədricən uyğunlaşmağa, bir-birinə öyrəşməyə başlayır. Bu prosesin davam etməsi, qarşılıqlı ticarətin və iqtisadi əlaqələrin genişlənməsi isə sülhün daha dayanıqlı və davamlı olmasına mühüm töhfə verə bilər".

İqtisadçı Natiq Cəfərli qeyd edib ki, Ermənistandan Azərbaycana kənd təsərrüfatı məhsulları, balıq, meyvə və dəmir filizi idxal oluna bilər:

"Ermənistanın ixrac potensialına baxdıqda, burada əsasən kənd təsərrüfatı məhsulları, balıq, meyvə və dəmir filizi aparıcı rol oynayır. Yəni Ermənistandan Azərbaycana bu məhsullar ixrac edilə bilər".

N. Cəfərlinin fikrincə, hətta iki ölkə arasında enerji mübadiləsi də ola bilər:

"Biz Ermənistana qaz sata və ondan işğaldan azad olunmuş ərazilərimizin təminatı üçün elektrik enerjisi ala bilərik. Sadəcə olaraq, bu, uzun prosesdir. Qısa zamanda bu prosesin baş tutması çətindir. Çünki texniki problemlər də mövcuddur. Ona görə ki, ilk növbədə bankların bir-birini tanıması lazımdır. Yəni bank köçürmələri üçün infrastruktur qurulmalıdır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın Ermənistandakı bazası vurulacaq! ŞOK XƏBƏRDARLIQ