Modern.az

Özünü büstünə oxşadan aktyor: Yaşar Nuri ilə bağlı maraqlı xatirələr

Özünü büstünə oxşadan aktyor: Yaşar Nuri ilə bağlı maraqlı xatirələr

Mədəniyyət

Bu gün, 10:47

Bu gün Azərbaycan teatrının, kinosunun və televiziya sənətinin unudulmaz simalarından biri, Xalq artisti Yaşar Nurinin anadan olmasının 75-ci ildönümüdür.

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda, aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 2012-ci il noyabrın 22-də vəfat edən sənətkar qısa ömrünə yüzlərlə səhnə, ekran və televiziya obrazı sığdırıb.

Onun yaratdığı Elçin, İsrafil, Həsən dayı, Əbdülqəni və başqa obrazlar bu gün də yaşayır, işlətdiyi ifadələr xalq arasında təkrarlanır.

Modern.az Yaşar Nuri ilə bağlı dostları və ailə üzvlərinin bölüşdükləri ən maraqlı xatirələri təqdim edir.

“Teatra sunami kimi gəldi"

Teatrşünas, Əməkdar incəsənət xadimi Rafiq Sadıqov Yaşar Nurini Azərbaycan səhnəsinin ən sərbəst və güclü improvizasiya ustalarından biri kimi xarakterizə edib:

“Yaşar teatra gəldi və sanki sunami yaratdı. Onun daxilində qəribə temperament, həvəs və musiqi vardı. Sözünün ahəngi, baxışı, hərəkətləri bir-birini tamamlayırdı. Dramaturqun verdiyi materialı özü yenidən işləyir, oynadığı rolun ikinci müəllifinə çevrilirdi”.

Rafiq Sadıqovun sözlərinə görə, Yaşar Nuri təkcə səhnədə deyil, adi həyatda da yaradıcı idi. Səhərlər qonşuları ilə qarşılaşanda bayatı söyləyir, muğamdan parçalar zümzümə edir və hansı muğamı oxuduğunu soruşurdu.

1545315

"İki-üç cümləlik rolu böyük obraza çevirmişdi"

Xalq artisti Səidə Quliyevanın yaddaşında Yaşar Nurinin ən kiçik rolu belə böyütmək məharəti qalıb.

O, Tofiq Kazımovun hazırladığı “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasında Yaşar Nurinin nağaraçalan obrazını xatırladıb. Aktyorun tamaşada cəmi bir neçə cümləsi olsa da, özünün qurduğu mizansen, jestlər və hərəkətlərlə həmin epizodu tamaşanın ən yaddaqalan səhnələrindən birinə çevirmişdi.

Səidə Quliyeva onunla tərəf-müqabil olmağın həm böyük zövq, həm də çətin sınaq olduğunu bildirib:

“Yaşar tərəf-müqabili üçün oynayan aktyor idi. Sənə böyük stimul verirdi. Amma onunla oynamaq çətin də idi, çünki hər an ondan gözlənilməz bir hərəkət gələ bilərdi. Bədahətən nəsə edir, sən də buna hazır olmalı idin. Bəzən mətni olduğu kimi demirdi, amma fikri başqa cümlələrlə elə çatdırırdı ki, nəticə daha maraqlı alınırdı”.

“Yaşarı əvəz etmək mümkün deyildi”

Xalq artisti Əjdər Həmidov bəzi tamaşalarda Yaşar Nurinin dublyoru olduğunu, aktyor xəstələndiyi zaman onun yerinə səhnəyə çıxdığını söyləyib:

“Yaşarı əvəz etmək mümkün deyildi. Onun səhnədə etdiklərini başqa heç kim edə bilməzdi. Uğurunun əsas səbəblərindən biri zəhmətkeşliyi idi. Teatra gəlirdin, görürdün Yaşar buradadır. Kinostudiyaya gedirdin, Yaşar orada idi. Televiziyaya gəlirdin, yenə Yaşarı görürdün. Səhər saat altıda oyanırdı. Sənətinə son dərəcə bağlı və fədakar insan idi”.

Niyə “Nuri”?

Xalq artisti, rejissor Ramiz Həsənoğlu aktyorun səhnə təxəllüsü ilə bağlı maraqlı xatirə danışıb.

Onun sözlərinə görə, Yaşar Nuriyev özünə daha yığcam səhnə adı seçmək istəyərkən dostları ilə də məsləhətləşib:

“Bir gün dedi ki, özümə təxəllüs axtarıram, "Nuri" necədir? Mən zarafatla dedim ki, "Yaşar Vücud" olsun. Bu fikir onun çox xoşuna gəldi, amma sonda "Nuri"nin üzərində dayandı. Sonralar başa düşdüm ki, düzgün seçim etmişdi. Çünki bu adamdan həqiqətən nur yağırdı”.

Ramiz Həsənoğlu Yaşar Nurini həm də “səxavətli aktyor” adlandırıb. Bildirib ki, sənətkar təkcə öz rolunu düşünmürdü, digər aktyorların kiçik epizodlarına da maraqlı ştrixlər təklif edirdi:

“Bəzən aktyorun və ya rejissorun qulağına bir fikir deyirdi, həmin kiçik təklifdən bütöv bir xarakter yaranırdı. Yaşardan çox yaxşı rejissor da ola bilərdi”.

Yaşar Nuri əvvəlcə “Bəyin oğurlanması”nda yox idi

Kinorejissor Vaqif Mustafayev Yaşar Nuri ilə dostluğunun “Bəyin oğurlanması” filmindən başladığını bildirib.

Rejissorun sözlərinə görə, aktyor filmin ilkin variantında və əvvəlcədən müəyyənləşdirilən heyətdə olmayıb:

“Filmin ssenarisini yenidən yazanda Yaşar orada yox idi. Aktyorların bəziləri artıq təsdiqlənmişdi, Siyavuş Aslan var idi, amma Yaşar yox idi. Mən düşündüm ki, Siyavuş varsa, Yaşar niyə olmasın? Beləliklə, o da filmə gəldi”.

Vaqif Mustafayev Yaşar Nurinin başqa aktyorlardan bir xüsusiyyəti ilə seçildiyini vurğulayıb:

“Yaşar həyatda aktyorluq etmirdi. Həyatda insan, səhnədə və kamera qarşısında isə aktyor idi. Mən onu qəzəbli də, sevinən də görmüşdüm. Çətin anımda bir zəng kifayət edirdi ki, yanımda olsun. Onun çətin vaxtında da mən yanında olurdum. O, əsl dost idi”.

Mosfilmdə Yaşar Nuriyə baxıb “köklənən” aktyor

Vaqif Mustafayevin danışdığı digər xatirə Moskvada, “Mosfilm”də yaşanıb.

Rejissor tələbə işi olan “Musiqili xaş” filmini montaj edərkən qonşu otaqda məşhur aktyor və rejissor Aleksandr Kaydanovski öz filmini montaj edirmiş. Mustafayevin sözlərinə görə, Kaydanovski gündə bir neçə dəfə onun otağına gələrək Yaşar Nurinin iştirak etdiyi kadrlara baxır, gülür, sonra yenidən öz işinə qayıdırmış:

“O, çox ciddi bir film – Tolstoyun "İvan İliçin ölümü" əsəri əsasında çəkdiyi işi montaj edirdi. Gəlib Yaşara baxır, gülür, əhvalını dəyişir, sonra gedib ölüm haqqında filmini montaj edirdi. Yaşarı tanımayan görkəmli bir aktyor belə onun sənətindən ruhlanırdı”.

“Ac həriflər”in yeyilən toyuqları

Xalq artisti Cahangir Novruzov Yaşar Nurini uşaqlıq dostu, səxavətli insan və tərəf-müqabilini oynatmağı bacaran sənətkar kimi xatırlayıb.

O, “Ac həriflər” teletamaşasının çəkilişində baş verən bir hadisəni zarafatla belə danışıb:

“Ramiz, sənə bir daha deyirəm: o ‘Ac həriflər’də iki toyuq getdi. Mən kadrda onun yalnız bir budunu yemişəm. Sən hər dəfə ‘stop’ deyəndə Yaşar toyuğu götürürdü”.

Cahangir Novruzovun sözlərinə görə, Yaşar Nuri səhnədə tərəf-müqabilinə enerji və yaradıcılıq həvəsi verən nadir aktyorlardan idi.

O, hər rolun “açarını” tapırdı

Xalq artisti Hacı İsmayılov Yaşar Nurinin sənət sirrini obrazın “kodunu” tapması ilə izah edib:

“Yaşar oynadığı hər rolun kodunu, açarını tapırdı. ‘Qonşu-qonşu olsa…’ tamaşasında 13 fərqli obraz yaratmışdı. Onların əksəriyyəti kiçik rollar idi, amma hər birinin xarakterini, açarını ayrıca müəyyənləşdirmişdi”.

Hacı İsmayılov “Ordan-burdan” tamaşası ümumittifaq televiziyası ilə nümayiş etdirildikdən sonra Minskdə yaşadıqları hadisəni də xatırlayıb. Küçədə insanların onlara diqqətlə baxdığını görən aktyorlar əvvəlcə bunun səbəbini anlamayıblar. Bir qədər sonra uşaqlar Yaşar Nurini daha yaxından görmək üçün onların qabağına qaçaraq yenidən geri qayıdıblar.

Opera səhnəsinin fərqli Sultan bəyi

Əməkdar artist Gülüstan Əliyeva Yaşar Nurinin Opera və Balet Teatrında “Arşın mal alan” operettasında yaratdığı Sultan bəy obrazından danışıb.

Onun sözlərinə görə, Yaşar Nuri bütün məşqlərdə məsuliyyətlə iştirak edir, improvizasiyalarını isə Üzeyir Hacıbəylinin mətninə xələl gətirmədən edirdi:

“Yaşar müəllim səhnəyə çıxanda zalda dərhal canlanma yaranırdı. Tamaşaçının nəfəsindən belə hiss edirdik ki, Yaşar Nuri gəldi. O, ənənəvi Sultan bəydən tamamilə fərqli, yeni bir obraz yaratmışdı”.

“Evin yox, elin adamı idi”

Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım 40 ilə yaxın davam edən ailə həyatlarında sənətkarı məişət problemlərindən uzaq tutmağa çalışdığını bildirib:

“Mən elə şərait yaradırdım ki, o, evdəki problemlər barədə düşünməsin. Tamaşadan və ya çəkilişdən yorğun gələndə qapını açan kimi çətinliklərdən danışmırdım. Əhvalının yaxşı vaxtını gözləyir, hər şeyi tədricən deyirdim. Münasibətlərimizi tənzimləyən mən olmuşam. Çünki o, evin yox, elin adamı idi”.

Xəstəxanadan səhnəyə gələn aktyor

Rəhimə xanımın ən təsirli xatirəsi Yaşar Nurinin 60 illik yubileyi ilə bağlıdır. Sənətkarın səhhəti ağır olduğundan tədbirin vaxtı dəyişdirilsə də, o, yubiley gecəsinə gəlməkdə israr edib:

“Vəziyyəti yaxşı deyildi. Amma dedi ki, mən getməliyəm, ölsəm də, teatrın səhnəsində ölməliyəm. Türkiyədə müalicə olunanda da hər gün söyləyirdi ki, məni Bakıya aparın, heç olmasa bir gün teatrın ab-havasını, iyini hiss edim”.

Səidə Quliyeva həmin yubileydən sonra aktyora zəng etdiyini və onun gecədə baş verənləri xatırlamadığını danışıb:

“Səhəri gün soruşdum ki, Yaşar, necəsən, yubiley necə keçdi? Dedi: ‘Səidə, mən nə dedim? Kim gəldi, kim getdi? Heç nədən xəbərim olmadı’. Halbuki səhnədə o gecəni o qədər səlis və məharətlə idarə etmişdi ki, onun vəziyyətini hiss etmək mümkün deyildi”.

“Son altı ildə atamla dostlaşdım”

Aktyorun qızı Ülkər atasının xəstə olduğu son altı ildə münasibətlərinin daha da yaxınlaşdığını bildirib:

“O vaxta qədər yaşaya bilmədiyimiz ata-qız münasibətini həmin illərdə yaşadıq. Atamla yaxın dost olduq. Sözümü, söhbətimi, dərdimi onunla bölüşürdüm. Hara gedirəmsə, ‘Yaşar Nurinin qızıdır’ deyib məni qucaqlayırlar. Mən bununla qürur duyuram”.

Ülkər xanım ailənin bağ evində Yaşar Nuriyə həsr olunmuş kiçik ev-muzeyinin yaradıldığını da açıqlayıb.

Yaşara oxşamayan büst və aktyorun son “improvizasiyası”

Vaqif Mustafayevin danışdığı ən yumorlu xatirələrdən biri Yaşar Nurinin büstünün ilk baxışı ilə bağlıdır:

“Yaşar dedi ki, gedək, büstümə ilk baxışdır. Geyinib getdik heykəltəraşın emalatxanasına. Baxdım ki, büst Yaşara oxşamır. Yaşar büstə baxırdı, heykəltəraş Yaşara, mən də gah büstə, gah Yaşara baxırdım. Heç kim bir söz demirdi. Bir qədər sonra baxdım ki, büst artıq Yaşara oxşayır. Sən demə, Yaşar üzünü, baxışını dəyişib özünü büstə oxşatmışdı. Çünki büst özünü Yaşara uyğunlaşdıra bilməyəcəkdi”.

Yaşar Nuri həyat haqqında “Həyat kino kimidir, həmişə ən maraqlı yerində bitir” deyirdi.

Onun öz həyatı da 61 yaşında, yaradıcılığının ən maraqlı yerində bitdi. Lakin səhnədə yaratdığı obrazlar, kinolentlərdə qalan baxışları, intonasiyası və improvizasiyaları sayəsində tamaşaçı üçün həmin kino hələ də davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...