Modern.az

Notariuslara əlavə səlahiyyətlər verilir

Notariuslara əlavə səlahiyyətlər verilir

6 İyun 2016, 17:33

İyunun 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  iclası keçirilib. İclasın gündəliyə 3 məsələ daxil edilib.

Modern.az-ın məlumatına görə, komitə sədri Əli Hüseynli iclasda deyib ki, ilk iki məsələ “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.

Belə ki, “Notariat haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə 6-cı bəndin əlavə edilməsi təklif olunur. Həmin əlavəyə əsasən, notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə sahəsi beş hektardan çox olmayan xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək səlahiyyəti verilir.

Həmçinin bu qanunun 32-ci maddəsinin yeddinci hissəsində və   “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-2-ci maddəsində “notarius” sözündən sonra “notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” sözləri əlavə edilir. 

Çıxış edən deputatlar Rövşən Rzayev və Fəzail Ağamalı bu dəyişikliklərin kənd təsərrüfatının inkişafına xidmət etdiyini və insanların işini asanlaşdıracağını deyiblər.

Sonra gündəlikdəki üçüncü məsələ - Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında məlumat verildi. Bildirildi ki, məcəllənin 38-ci maddəsinə təklif olunan dəyişiklik Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “ASAN Viza” sisteminin fəaliyyətinin təşkili ilə bağlıdır.

 Həmin maddədə elektron vizanın alınması barədə müraciətə baxılması müddəti, vizanın qüvvədə olma müddəti, vizanın müddətinin uzadılmasına qoyulan tələblər və digər məsələlər öz əksini tapmışdır. Çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Vüsal Hüseynov, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və dəvət edilmiş qonaqlar bu sistemin ölkəmizdə turizmin inkişafına təkan verəcəyini söyləyiblər.

Müzakirələrin sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

 

Ağa AKİFOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu