Modern.az

Magistratura və dövlət qulluğuna qəbul pullu olacaq

Magistratura və dövlət qulluğuna qəbul pullu olacaq

Aktual

28 Fevral 2017, 11:52

“İmtahanların ödənişi ilə bağlı Prezidentin Tarif Şurasına verdiyi 15 iş günü hələ bitməyib. Bu həftə ərzində Tarif Şurası qiymətlərlə əlaqədar qərarı elan edəcək”.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, DİM lazım olan məlumatları Tarif Şurasına təqdim edib.

“Magistratura, rezidentura və dövlət qulluğuna qəbul imtahanlarını hər bir şəxs özü ödəyəcək. Onlar hamısı həddi buluğa çatmış insanlardır, təhsilin növbəti pilləsi və ya işə qəbulla bağlı ödənişi etmək imkanına malikdirlər. Yalnız bu il məzun olanlar qəbul imtahanları üçün onlara verilən iki cəhddən birini dövlət öz üzərinə götürüb”.

M.Abbaszadə qeyd edib ki, Tarif Şurasının qərarından sonra magistratura, rezidentura və dövlət qulluğuna qəbulla bağlı imtahanların vaxtını müəyyən etmək mümkün olacaq.

“Tarif Şurasının qərarı olan kimi imtahanların vaxtını elan edəcəyik. Magistratura və rezidentura imtahanları ilə bağlı deyə bilərəm ki, imtahanlar aprel ayından tez olmayacaq. Eyni zamanda martın 19 və 26-da sınaq imtahanlarının keçirilməsini də nəzərdə tutmuşuq”.

M.Abbaszadə bildirib ki, imtahanların 2 dəfədən çox olması məsələsi noyabr ayından başlana bilər. “Biz imtahanların 3 və daha çox keçirilməsini noyabr ayından başlaya bilərik. Ola bilsin ki, növbəti tədris ili üçün artıq noyabr ayından qəbul imtahanlarını elan edək. Bir neçə imtahanın keçirilməsi magistraturaya sənəd verənlər üçün də ola bilər”.

 

Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır