Modern.az

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru: “Bayılın vəziyyəti göz qabağındadır”

Seysmoloji Xidmət Mərkəzinin baş direktoru: “Bayılın vəziyyəti göz qabağındadır”

9 Mart 2018, 11:18

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) “Teleqüllə” kompleksinin yaxınlığında, Bayıl yamacında torpaq sürüşməsi müşahidə olunan ərazidə monitorinqləri  davam etdirir.

Bunu Modern.az saytına açıqlamasında RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib. O bildirib ki, monitorinqlər yalnız Bayıl ərazisini əhatə etməyəcək:

“Bayıl ərazisində hələ ki iş bir neçə ay davam edəcək. Teleqüllənin arxa tərəfindən başlayaraq Alov qüllələrinə qədər  iş aparmalıyıq. Sadəcə, xırda yerdə müşahidə aparmaqla məsələ bitmir. Gərək sürüşmənin hansı səbəblərdən irəli gəldiyini,  hansı hissənin daha təhlükəli olduğunu  birdəfəlik müəyyən edək.  Bayıl ərazisində yenidən hansısa   hadisənin olmasını və o zaman əraziyə getməyi gözləməməliyik”.


Q.Yetirmişli bildirib ki, monitorinqlərin sahəsi Nərimanov heykəlinə qədər uzana bilər:


“Çünki həmin  ərazilər də sürüşməyə məruz qalıb.  Elmi tədqiqatlardan sonra  hansı tədbirlərin görülməsinə qərar veriləcək. Bundan öncə sürüşmə müstəvisi, təhlükəli zonalar, bunları yaradan amillər, sürüşmə zolağının uzunluğu müəyyən edilməlidir.

Ərazidə hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları işlər aparır. Düzdür, yapon mütəxəssislər də ərazini müşahidə etməsi üçün dəvət edilmişdi. Yəqin ki, bütün işlər yekunlaşandan sonra tədbirlərin müəyyən edilməsi üçün yenidən dəvət ediləcəklər”.


Baş direktor qeyd edib ki, Bayıl ərazisinin vəziyyəti göz qabağındadır:


“Yaxşı ki,  mütəmadi yağışlar olmadı. Əsas məsələ odur ki, yerli  camaat təhlükəli zonadan çıxarılıb və tələfat yoxdur”.


Xatırladaq ki, sakinlərin həmin ərazilərdən köçürülməsi yanvarın 24-dən başlayıb. Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Bayıl yamacında sürüşmə təhlükəsi ilə bağlı ərazidən köçürülən 98 ailəyə 11 ay ərzində müvəqqəti yerləşdiyi mənzillər üçün kirayə haqqının ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin Ehtiyat fondundan Səbail Rayon İcra Hakimiyyətinə vəsait ayrılıb, vəsaitin bank vasitəsi ilə həmin ailələrə ödənilməsinin təmin olunması RİH-nə tapşırılıb. Həmçinin 10.02.2018-ci il tarixində həmin ərazidə tam dağılmış 4 (dörd) fərdi yaşayış evinin sahiblərinə kompensasiya ödənilməsi üçün tələb olunan vəsaitin məbləğini 10 gün ərzində hesablayıb Nazirlər Kabinetinə təqdim olumması Fövqəladə Hallar Nazirliyi və Səbail Rayon İcra Hakimiyyətinə tapşırılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi