Modern.az

Görüşərik, ANA...  

Görüşərik, ANA...   

8 Mart 2019, 13:31

Səadət Hakıyeva

Dünyasını dəyişən bütün analara ithaf olunur


Atasız keçən illərimə, aylarıma, günlərimə anasız keçən günlərim, aylarım və ilim də əlavə olundu. Ürəyimdə yara qoyub getdin, ANA. Sənə yaraşmırdı bu cür vida!...

O yara məni həmişə için-için göynədəcək, incidəcək, ağrıdacaq. Ağ sağlarına, saçının ağına qurbanam, ANA!.

Yoxluğunla, yoxluğunda balışımı göz yaşlarmla islatmaqla ovuduram özümü. Sən yaddan çıxmazsan, ANA! Kaş cod, qabarlı əllərinlə başıma tumar çəkərdin və deyərdin: “Sadılı, uşaqlar necədir?”.

Mənim də sağlarım ağarır, Ana... Ürəyində yaşadığın dərdlərə, ürəyinin sızıltısına, ağrısına qurbanam, ANA. Beynini yeyib qurtaran mərəzi tapıb ona sora biləydim kaş: “Anamı niyə əlimdən aldın? Nəydi günahı?!”

Analar ölməzdi kaş. Yerin həmişə görünəcək, ANA! Səni heş kimsə əvəz etmək qüdrətində deyil. Ananın yaşı olmazmış...

Sən elə həmişə cavan, sağlam yaşda qalacaqsan mənim üçün. Heç qocalmayacaqsan, heç xəstələnməyəcəksən. Hərdən məni sənə oxşadırlar. Amma Sən daha gözəl idin, ANA! Hündürboylu, ağappaq, gur saçlar, gözəl sima, aydın gözlərin vardı. Saflığın bütün gözəlliklərinin üstündə idi...

Çox narahat idin... İndi yerin rahatdırmı?! Dilin də tutulmuşdu, bizi tərk etməmişdən bir həftə öncə. Ölümündən 2 gün əvvəl başını sığalladım, üzündən, əlindən öpdüm.. Xəstə halında belə əlindən öpməyə qoymadın... Sonra əlinlə mənə o tərəfə getməyə hazırlaşdığını başa saldın. Kaş, bu gününü görməyəydim, Ana. Dəli kimi hönkürtü vurub, ağladım... Və onda bildim ki, səni itirirəm. Əllərimdən uçub getdin...

Son nəfəsini qollarımda verdin. Nəfəsinə qurban olum, ANA! Kəndimiz Cocuq Mərcanlıya geri qayıtdıq. Sən də geri qayıtdın, amma torpağın üstünə deyil, altına... Xoşbəxt insansan ki, kəndimizdəki Şuşa məscidinin bənzəri olan ALLAHın evində yuyuldun, kəfənləndin. Mən də xoşbəxtəm ki, Səni öz əllərimlə oxşayaraq yudum. Sənsizlik çox çətindir...

Amma həyat davam edir... Sənə yeddi uşaq baxırdı, indi mənə də baxanlar var. Onların mənə ehtiyacı var, gözümün nuru. Hələlik, ANA. Sənin yerin cənnətdir, mənimkini isə bilmirəm. Görüşərik, ANA...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir