Modern.az

Süni qida distribüterləri pediatrlarla əlbir işləyir – Qanun POZUNTUSU

Süni qida distribüterləri pediatrlarla əlbir işləyir – Qanun POZUNTUSU

2 Aprel 2019, 11:55

Övladını ana südü ilə qidalandıran valideynlərlə yanaşı süni uşaq qidalarından istifadə edənlər də var. Bu qidaların tərkibində GMO kimi uşaq orqanizminə ziyanlı olan bir komponent mövcuddur. Bəzi hallarda isə valideyn öz istəyindən dolayı yox, məcburiyyətdən əlavə qidalar almalı olur. Məcburiyyət dedikdə bəzi hallarda uşaq orqanizminin ana südünü qəbul etməməsi nəzərdə tutulur.  Bəs bu qidaların uşaq orqanizminə nə kimi ziyanı var?

 

Bu barədə ətraflı  Modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov danışıb.

“Azad İstehlakçılar Birliyi 15 ildən yuxarıdır ki, ana südü ilə əmizdirməyə dair beynəlxalq təşkilatın üzvüdür.  Çox təəssüf olsun ki, Azərbaycanda ana südü ilə əmizdirmə 44-45 faiz olmaqla, hətta Mərkəzi Avropa ölkələrindən də xeyli geri qalır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda uşaq dünyaya  gələn kimi  körpəni ananın sinəsi üzərinə qoymayaraq, onu ayırırlar və əksər hallarda süni qida verirlər. 15 il öncə ölkədə  erkən yaşlı körpələrin qidlandırılmasına dair qanun qəbul edilib, Ümumdünya Səhiyyə Təşkilatının bu barədə xüsusi konvensiyası var. Lakin çox təəssüf olsun ki, qanun, eləcə də konvensiyanın şərtlərinə ölkəmizdə çox az əməl olunur. Süni qida məhsulları elə yerdə satılmalıdır ki, analar onu rahatlıqla görməsin.Belə ki, süni qida görən ananın südü çəkilir və dərhal alternativ qidalandırma imkanın olduğu barədə qənaətə gəlir”.

 

Eyyub Hüseynov ölkəyə süni qida gətirən distribüterlərin ölkə qanunvericiliyin pozduğunu da əlavə edib.

“15 il öncə ölkəmizdə qəbul edilmiş qərara zidd olmasına rəğmən süni qida distribüterləri Azərbaycanda pediatrlarla əlbir işləyir. Hətta analar doğum evlərinə gedəndə onlara süni qida təklif edirlər. Həmin şəxslər pediatrlara bu qidaları analara təklif etsinlər deyə pul ödəyirlər. Bu da öz növbəsində uşaq qida məhsullarının qiymətinin yüksək olmasına gətirib çıxarır. 2019-cu ilin noyabr ayı üçün Brazilyada keçiriləcək Ümumdünya Konqresinə təklif almışam. Konqresdə süni qida distribüterlərinin peditarlarla əlaqəsinin kəsilməsinə maksimum səviyyədə çalışacam”.

 

Əgər uşaq dünyaya gətirən ana öz övladını südündən məhrum edirsə, burda pediatrın bir o qədər də rolu yoxdur deyə pediatr Nəsib Quliyev  bildirdi.

“Bir canlının öz balası üçün hasil etdiyi qida yalnız həmin canlı üçün maksimum spesifik və adekvatdır. Əgər həmin qida onun balasına yox, başqa canlıya verilərsə, bu bioloji fəlakətdir. Valideyn süd verməkdən könüllü imtina etdikdə  və ya uşaq orqanizmində hər hansı bir problemlə bağlı südə qarşı kəskin reaksiya  olduğu halda pediatr süni qida təklif edə bilər”.

 

Əzizə Zeynal

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?