Modern.az

“Bu şərhlər qeyri-peşəkarlıqdan irəli gəlir” - “Avropa İttifaqı-Azərbaycan məsələsi”nə aydınlıq gətirildi

“Bu şərhlər qeyri-peşəkarlıqdan irəli gəlir” - “Avropa İttifaqı-Azərbaycan məsələsi”nə aydınlıq gətirildi

15 May 2019, 16:47

Mayın 14-də Avropa Komissiyasının Brüsseldəki mənzil qərargahında "Şərq Tərəfdaşlığı" Proqramının 10 illiyi şərəfinə Yüksək Səviyyəli Konfrans keçirilib. Bir sıra kütləvi informasiya vasitələri xarici işlər nazirlərinin həmin toplantısı zamanı görüşün nəticələrini əks etdirən yekun sənədə ölkəmizin razılıq verməməsi haqqında məlumatlar yayıb. Azərbaycanın veto hüququndan istifadə etməsi sənəddə ərazi bütövlüyünə istinadların olmaması ilə əlaqələndirilib.
Ermənistan mətbuatı isə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Federika Moqerini tərəfindən imzalanmış sənədə istinad edərək, canfəşanlıqla “Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü tanımadığını, tanımaq istəmədiyini və ölkəmizin təklikdə qalmasını” vurğulamağa çalışıb.

Yayılan bu informasiyalardan sonra Avropa İttifaqının Azərbaycanla imzalayacağı sazişi ləngitməyə çalışdığı, bu məsələyə laqeyd yanaşdığı barədə fikirlər də səsləndirilib.


Sözügedən məsələ haqqında Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə həmin şərhləri təkzib edib. Deputat vurğulayıb ki, Brüsseldə keçirilmiş Yüksək Səviyyəli Konfrans və görüşlər əksinə, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında münasibətlərin yaxşı olduğunu bir daha təsdiq etdi:


“Hətta Jan-Klod Yunker öz çıxışında Azərbaycan və Avropa İttifaqı arasında imzalanacaq sazişin strateji əhəmiyyət daşıdığını qeyd etdi.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi xanım Federika Moqerini “Şərq tərəfdaşlığı” çərçivəsində qəbul olunmuş bütün bəyanatların vacib, əhəmiyyətli olduğunu əks etdirib. Bu o deməkdir ki, bir neçə ay əvvəl Brüsseldə Azərbaycan-Avropa İttifaqı prioritetləri ilə bağlı imzalanmış sənəd, “Şərq tərədaşlığı”nın sammitlərində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi məsələləri bir daha təsdiqləndi.

Yerli medianı çaşdıran məqam erməni propoqandasının istifadə etdiyi Azərbaycanın  görüşün nəticələrini əks etdirən yekun sənədə “veto” qoyması ilə bağlı reallığı əks etdirməyən məlumatlarıdır. Guya sənəddə Azərbaycanın maraqları əks etdirilməyib. Halbuki, bu, Azərbaycana qarşı işləyən qüvvələrin, erməni tərəfinin provokasiyasıdır.

 

Digər tərəfdən, bəzi şərhçilərin Avropa İttifaqı ilə Azərbaycanın münasibətlərini dərindən bilmədən, bəyanatla hansısa mülahizələrin arasındakı fərqi dərk etmədən yanlış şərhlər səsləndirməsi müzakirə mövzusudur. Azərbaycanla yanaşı, “Şərq tərəfdaşlığı”na daxil olan bir neçə ölkə Brüsseldə keçirilən konfransla əlaqədar təkliflərini, fikirlərini ortaya qoyublar. Bu zaman “Şərq Tərəfdaşlığı” proqramındakı ərazi bütövlüyü haqqında sənədlərə istinad edilib.  Beynəlxalq hüququn bərpasını, münaqişələrin beynəlxalq hüquq əsasında həllini ortaya qoyublar. Avropa İttifaqının təqdim etdiyi sənəddə isə yalnız həmin istinadlar qeyd edilmişdi. Bunun isə Azərbaycanın “veto” hüququna, yaxud mövqeyinin qəbul olunmamasına heç bir aidiyyatı yoxdur.

 

Müqavilənin imzalanmaması, ləngidilməsi, Azərbaycanın maraqlarının təmin olunmaması və s. barədə şərhlər sadəcə qeyri-peşəkarlıqdan irəli gəlir”.

 

Deputat Rasim Musabəyov isə xatırladıb ki, Azərbaycan Brüsseldəki səfiri açıqlama verərək, Azərbaycanın əleyhinə səsləndirilən informasiyalara aydınlıq gətirib:


“Məndə olan məlumata görə, biz Ümumdünya Ticarət Təşkilatına üzv olmadığımıza görə sazişin iqtisadi bölməsinin razılaşdırılması prosesi bir qədər çətin aparılır Avropa İttifaqı ilə saziş imzalayan digər dövlətlər Ticarət Təşkilatının üzvü olduğundan bu prosesi asan razılaşdırırlar. Biz isə Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı öhdəlikləri razılaşdırmalıyıq. Sonradan həmin razılaşmanı sazişə adaptasiya etməliyik.

Azərbaycanda insan hüquqları və Qarabağ münaqişəsi haqqında fərqli fikirlər ola bilər, istisna etmirəm. Lakin sazişin imzalanmasının ləngidildiyini və bu səbəblərin ortaya atıldığını düşünmürəm”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...