Modern.az

Bakıda Avropa Regional Sosial Təminat Forumu başa çatıb  

Bakıda Avropa Regional Sosial Təminat Forumu başa çatıb  

16 May 2019, 17:46

 

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu başa çatıb. Üç gün davam edən Forumda  BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən 140-dan çox nümayəndə iştirak edib.

 

Modern.az xəbər verir ki, forumun bağlanış mərasimində BSTA-nın Baş katibi Marselo Abi-Ramia Kaetano başa çatan bu mühüm beynəlxalq tədbirin Avropa regionu ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin və onların innovativ həllərlə aradan qaldırılması yollarının müzakirəsi üçün unikal bir platforma rolu oynadığını vurğulayıb. O, gündəliyi mühüm mövzulardan ibarət olan Forumun iştirakçıların gələcək fəaliyyətində müsbət nəticələrini verəcəyinə əmin olduğunu qeyd edib.

 

M.A.R.Kaetano Azərbaycanın Avropa Regional Sosial Təminat Forumuna yüksək səviyyədə ev sahibliyi etməsindən məmnunluğunu və buna görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov qeyd edib ki, ötən dövrdə möhtəşəm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş Azərbaycanda Avropa Regional Sosial Təminat Forumunun da layiqli şəkildə keçirilməsi üçün bütün işlər aparılıb. Nazir müavini Forumun ölkəmizdə keçirilməsi qərarına görə BSTA-ya təşəkkürünü ifadə edib. A.Kərimov Forumun region ölkələrinin sosial təminat üzrə qurumları arasında müvafiq sahədə fəal əməkdaşlığa, sosial təminat sistemlərində əldə olunmuş qabaqcıl təcrübələrin təqdim edilməsi və mübadiləsinə imkan verdiyini də diqqətə çatdırıb.

 

Qeyd edək ki, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində keçirilməsi qərarı ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisidir. Bu tədbir zamanı region üçün aktual sosial məsələlər müzakirə edilməklə yanaşı, sosial dövlət olan Azərbaycanda dinamik iqtisadi inkişaf şəraitində güclü sosial siyasətin formalaşdığı, əhalinin rifah halının yaxşılaşdırılması, həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində atılan mühüm addımlar nümayəndə heyətlərinin diqqətinə çatdırılıb. Sosial ədalət, şəffaflıq, əlçatanlıq, vətəndaş məmnunluğu  prinsiplərinə, innovasiyalara əsaslanan müasir və dayanıqlı milli sosial müdafiə sisteminin qurulması üçün aparılan geniş miqyaslı islahatlar barədə Forum iştirakçılarına ətraflı və dolğun məlumatlar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir