Modern.az

78 yaşlı diktor radioda veriliş aparacaq

78 yaşlı diktor radioda veriliş aparacaq

26 May 2019, 15:20

Bu gün Azərbaycan Respublikasının Xalq artisti, tanınmış televiziya diktor Ofeliya Sənaninin doğum günüdür. Onun 78 yaşı tamam olur.

 

Ofeliya Sənani Azərbaycan Dövlət Universitetini bitirib (1966). Məşhur diktor Gültəkin Cabbarlının yetirməsidir. 1959-1975-illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən bu yaxınlaradək Azrbaycan Dövlət Televiziyasında diktor işləyib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanını səsləndirib. Ofelya Sənani həmçinin bir sıra kinofilmdə çəkilib.

 

Modern.az saytı Xalq artistinin ad günündə onunla əlaqə yaradıb. Ofeliya xanım bildirib ki, səhhətində müəyyən problemlər olsa da, əhvalı yüksəkdir.

 

“Şükürlər olsun hər şeyə. Səhhətim bir qədər mənə narahatlıq versə də, əhvalım pis deyil. Doğum günümü evdə ailə üzvlərimlə birgə keçirirəm. Dəbdəbədən kənar insanam. Yaxşı dostlar, tanışlar təbrik etməkdə davam edirlər”.

 

Ofeliya Sənani bu yaxınlarda AzTV-nin sədr səlahiyyətlərini icra edən Rövşən Məmmədovun köhnə diktorları televiziyaya dəvət etməsindən də danışıb.

 

“AzTV-nin yeni sədri çox mədəni və diqqətli gəncdir. Hər bir insanla ayrı-ayrılıqda həmsöhbət olub, onları dinləməyi bacarır. Hamımızı səmimi qarşıladı. Hətta hər birimizi işə də dəvət etdi və dedi ki, “gecikirsiz,  gəlin işləyin”. Ancaq bu yaşdan sonra televiziyada hansısa verilişi apara bilmərəm. Təzyiqim 210-dan aşağı düşmür. Efir işıqları gözümə narahatlıq verir”.

 

Tanınmış diktor Azərbaycan Dövlət Radiosunda işə başlayacağı barədə də söz açıb.

 

“Hazırda üzü yaya doğru gedirik. Yay ayları istirahət aylarıdır. Payız mövsümündən Dövlət Radiosunda çalışmağa başlayacam. Radio da mənə doğma məkandır. Köhnə diktorları uzun illərdən sonra AzTV-yə topladığına görə Rövşən Məmmədova təşəkkür edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir