Modern.az

Xalq Hərəkatında rəhbər PROBLEMİ 

Xalq Hərəkatında rəhbər PROBLEMİ 

14 İyun 2019, 09:07

Bu ilin əvvəlində ölkədə yeni müxalif təşkilat yaradılıb. Yanvarın 26-sı Bakıda, Demokrat Partiyasının mərkəzi qərargahında təsis olunan qurum Azərbaycan Xalq Hərəkatı adlandırıldı.

 

Sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü olan quruma Klassik Xalq Cəbhəsi Partiyası (lideri Mirmahmud Mirəlioğlu), Ümid Partiyası (lideri İqbal Ağazadə), Demokrat Partiyası (lideri Sərdar Cəlaloğlu), Vətəndaş və İnkişaf Partiyası (lideri Əli Əliyev), Ağ Partiya (lideri Tural Abbaslı), Böyük Azərbaycan Partiyası (lideri Elşad Musayev) və başqa partiyalar, eləcə də ictimai fəallar, ziyalılar daxildir.

 

Yaradılmasından bir neçə ay sonra bu struktur rəhbərliyində parçalanma və narazılıqların olması ilə gündəmə gəldi. Hazırda AXH-nin idarə heyəti iki hissədən ibarətdir. Bir tərəfdə İsgəndər Həmidov və onun tərəfdarları, ikinci tərəfdə isə Tural  Abbaslı və onun fəaliyyətini dəstəkləyən partiya rəhbərləri yer alıblar.

 

AXH-nın hazırkı fəaliyyəti haqqında Modern.az-a danışan AĞ Partiya rəhbəri Tural Abbaslı hələ də vahid rəhbərliyin olmadığını xatırladıb:

 

“Məlum olduğu kimi, Xalq Hərəkatının təsis edilməsindən sonra idarə heyəti və üzvlər arasında bəzi insidentlər oldu. Bundan sonra idarə heyəti faktiki olaraq, iki yerə parçalandı. Bir tərəfdə İsgəndər Həmidov və onu dəstəkləyənlər, digər tərəfdə isə daha çox üstünlük təşkil edən partiyalar yer aldılar. Mən təmsil olunduğum tərəf partiyaların yığışdığı hissədir. Təxmini 6-7 partiya bir araya gəlmişik. Bu hissənin tərkibində narazılıqlar var, ya yoxdur dəqiq deyə bilmərəm. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev,  Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov, Milli Azadlıq Hərəkatının liderlərindən biri olan Rəhim Qazıyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı və digərləri bizim qrupda təmsil olunur. Hərəkatın idarə heyətinin digər qolu da fəaliyyət göstərirdi. Amma son zamanlar İsgəndər Həmidovun səhhəti ilə bağlı onların fəaliyyətində problemlər yaranıb”.

 

T. Abbaslı təmsil olunduğu qrupda siyasi fəaliyyətin davam etdiyini də vurğulayıb. O bildirib ki, AXH-nin regionlarda strukturlarını yaratmağa çalışırlar:

 

“Həftədə 2 dəfə idarə heyətinin iclası keçirilir. Dönəm sədrləri bu prosesləri idarə edirlər. Dəqiq desək, bizdə ümumi vahid rəhbərlik yoxdur. İki qrupa ayrılan rəhbərliyin hər ay dəyişən müvafiq dönəm sədrləri idarəçiliyi həyata keçirirlər. Rəhbərlik məsələsində AXH adından çıxış etmək məsələsində fikir ayrılığı hələ də mövcuddur. Biz də AXH olduğumuzu deyirik, digər tərəf də. Hər iki tərəfdə təsisçilər də var. Amma cəmiyyət, mətbuat hərəni bir cür təqdim edir. Hazırda bizim hissədən dönəm sədri Əhməd Orucdur. 1 ay müddətinə seçilib, ondan sonra yenilənmə baş tutacaq. Amma rəhbərliyin digər qolunun dönəm sədrinin kim olduğunu bilmirəm”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır