Modern.az

Fuad Çıraqov: “Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyənlər ya hər iki ölkənin düşmənləri, ya da səfehlərdir”  

Fuad Çıraqov: “Gürcüstan-Azərbaycan münasibətlərini pozmaq istəyənlər ya hər iki ölkənin düşmənləri, ya da səfehlərdir”  

Analitika

31 İyul 2019, 16:45

Keçikçidağ məbəd kompleksi ətrafında yaranmış məsələ ilə əlaqədar Gürcüstanla Azərbaycan arasında münasibətlərə dair Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov “The Greater Middle East” dərgisinə müsahibə verib.

 

Modern.az-ın xəbərinə görə, ekspert müsahibəsində bildirib ki, sərhəddə mübahisəli ərazi ilə bağlı son gərginlik nə Gürcüstanın, nə də Azərbaycanın milli maraqlarına uyğun deyil. Onun sözlərinə görə, hər iki ölkə qlobal cəhətdən böyük əhəmiyyətə malik enerji və nəqliyyat layihələri vasitəsi ilə bir-biriləri ilə sıx əlaqəlidir. “İstənilən rasional düşüncəyə malik hökumət əlaqələrin bu şəkildə mövcud olan təbiətini pozmağı və ya yenidən nəzərədən keçirməyi düşünməz. Açıq görünür ki, iki ölkə arasında münasibətləri pozmaq istəyənlər ya Azərbaycan və Gürcüstanın düşmənləridir və ya yalnız özlərinin qısamüddətli maraqları barədə düşünən populist və strateji baxışa malik olmayan, hansısa qüvvələr üçün fayda verən səfehlərdir. Bu heç kəsə sirr deyil ki, biri-biriləri olmadan hər iki ölkənin müstəqillik, iqtisadi rifah və inkişaf üçün şansları yoxdur. Xüsusi olaraq hansısa ölkələrin adlarını çəkməyə ehtiyac yoxdur. Regional geosiyasətlə bağlı ilkin biliyi olan istənilən şəxs təxribatların mənbəyinin haradan gəldiyini anlayacaq. Digər məsələ bu problem və ya münaqişəni necə həll etməklə bağlıdır. Aydındır ki, bəzi qüvvələr əlaqələrdəki bu həssas və ağrılı nöqtəni taparaq ondan istifadə edirlər. İkitərəfli komissiya mövcuddur və komissiya problemin həllini tezləşdirməlidir. Hesab edirəm ki, onlar həmçinin beynəlxalq təcrübədə mövcud olan müxtəlif forma və modelləri də nəzərdən keçirməlidirlər”, - deyə Fuad Çıraqov deyib.

 

Ekspert bildirib ki, ölkənin gələcəyini müəyyən edəcək 2020-ci il parlament seçkiləri yaxınlaşdığından ötən ilin əvvəlindən etibarən Gürcüstanda daxili siyasət çox həssas və kövrək siyasi mühitə daxil olur. Onun sözlərinə görə, bu mühit həmçinin öz təzyiq vasitələri və ortaqları ilə  daxili siyasəti və gündəliyi öz maraqlarına uyğun formalaşdırmaq istəyən xarici oyunçularla daha da mürəkkəbləşir:

 

“Son illər informasiya müharibəsinin müxtəlif taktika və strategiyaları ilə Gürcüstanda anti-Azərbaycan və anti-Türkiyə fobiyasının alovlanmasına sistemli və planlı cəhdlərin şahidi oluruq.

 

Bütün bu cəhdlər Gürcüstanın Avro-Atlantik institutlarına üzvlüyünün təxirə salınması ilə bağlı artmaqda olan məyusluqla əlaqədardır. Bəzi siyasi qruplar açıq şəkildə, cəsarətlə və tez-tez ölkənin ötən  onilliklərdə formalaşdırılmış və özlərinin sadəcə bir neçə ilə əvvəl edə bilmədikləri xarici siyasət strategiyası ilə bağlı etiraz etməyə başlayıblar. Həmçinin Gürcüstan iqtisadiyyatı çətin dövrlə üz-üzədir, hazırki hökumət indiyə qədər verdiyi vədləri yerinə yetirə bilməyib. Gürcüstan valyutası son aylar dəyərdən düşür və hər dəfə ən aşağı səviyyəyə çatır. Ölkənin siyasi mühitindəki qütbləşmə genişlənir.

 

Başqa sözlə desək, Gürcüstan-Azərbaycan münasibətlərindəki son gərginlik iki məqsədə xidmət edir. Birincisi, cəmiyyətin diqqətini ölkənin real problemlərindən uzaqlaşdırmaq, ikincisi isə Gürcüstan və Azərbaycan arasında mövcud olan yaxşı münasibətləri zədələmək və bununla da Tbilisinin xarici siyasət strategiyasının yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışlar və arqumentlərin əsaslı olduğunu sübut etməkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər