Modern.az

Jurnalistin tələbə övladları: “Atamızın peşəsinə heç marağımız yoxdur” - MÜSAHİBƏ

Jurnalistin tələbə övladları: “Atamızın peşəsinə heç marağımız yoxdur” - MÜSAHİBƏ

2 Sentyabr 2019, 11:14

Bu il ali məktəblərə qəbul olunmuş abituriyentlər arasında xeyli jurnalist övladı da var. Onlardan bir qismi yerli, digər qismi xarici universitetlərin tələbəsi adını qazanıb.

Modern.az saytı ali məktəblərə qəbul olunmuş jurnalist övladları ilə mini müsahibələrə davam edir. Növbəti müsahibimiz tanınmış jurnalist, analitik yazar Azər Rəşidoğlunun övladları oldu - oğlu Rəşid və qızı Ülkər.

Ülkər 3 noyabr 1996-cı ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 20 nömrəli məktəbdə başa vurub və 2014-cü ildə 600 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Bu il isə Ülkər magistratura tələbəsi olaraq təhsilini davam etdirəcək. Ülkər hazırda nişanlıdır.

 

- Ülkər, bildiyimiz qədər bakalavr təhsilini Bakı Dövlət Universitetində başa vurmusan. Bəs magistratura üçün hansı universiteti seçdin?

 

-BDU-nun Tarix fakültəsində tarix ixtisası üzrə bakalavr təhsili almışam. Bakı Dövlət Universiteti mənim əvəzolunmaz ali təhsil ocağımdır. Magistratura təhsili üçün də BDU-nu seçdim və tarix ixtisası üzrə təhsilimi orada davam etdirəcəm.

 

- İxtisas seçimində valideyn müdaxiləsi olub, ya özün seçmisən?

 

- Xeyr, ixtisası özüm seçmişəm.

 

- Səndə “Tarix”ə olan sevgi nədən qaynaqlanır?

 

- “Tarix” sevgisi məndə orta məktəb müəlliməmdən qaynaqlanır. Tarix müəlliməmi hədsiz çox istəyirdim və mənə “tarix”i Könül müəllimə sevdirdi.

 

- Maraqlıdır, jurnalist övladı olaraq heç jurnalist olmağı düşünmüsən?

 

- Yox, heç həvəsim də olmayıb bu peşəyə...

 

- Necə düşünürsən, atanın peşəsi çətindir, yoxsa sənin?

 

- Mənim fikrimcə atamın peşəsi daha çətindir.

 

- Xaricdə oxumaq kimi bir arzun var?

 

- Adətən hər tələbənin belə bir arzusu olur, amma ya valideyn narazılığı, ya da maddi çətinliyə görə arzusu ürəyində qalır. Mənim belə bir arzum heç olmayıb. Amma bilirəm ki, əgər xaricdə oxumaq kimi bir fikrim olsaydı, atam mənə həmişəki kimi dayaq olardı.



Ülkərin qardaşı Rəşid 14 dekabr 2001-ci ildə dünyaya göz açıb. O, orta təhsilini Bakıdakı 239 nömrəli məktəbdə başa vurub və bu il keçirilən qəbul imtahanında bacısı kimi ali təhsil üçün BDU-nu seçib.

 

- Rəşid, imtahanda neçə bal topladın?

 

- 361 bal toplamışam və BDU-nun Amerika üzrə Regionşünaslıq ixtisasına qəbul olunmuşam.

 

- İxtisasın ürəyincədi?

 

- Bəli, ixtisas seçimini özüm etmişəm deyə, ürəyimcədi.

 

- İxtisas seçimində valideynlərin xüsusi istəyi və ya müdaxiləsi oldu?

 

- Xeyr, valideynlərim bizə həmişə sərbəstlik verib və müdaxilə etməyib. İxtisas seçimində də heç kimin müdaxiləsi olmadı.

 

- Bəs, nə vaxtsa atan kimi jurnalist olmağı düşünmüsən?

 

- Xeyr, jurnalistikaya heç vaxt marağım olmayıb.

 

- Təhsilinlə bağlı hansı gələcək arzuların var?

 

- Bakalavr pilləsini bitirib, magistraturada təhsil almaq fikrim var.

 

- Magistratura üzrə təhsil almaq istəsən, harda oxumaq istəyərsən?

 

- Regionşünaslıq ixtisasım Amerika üzrə olduğu üçün ABŞ-da təhsil almağı çox istəyərəm.

 

- Sənin fikrincə atanın peşəsi çətindir, ya sənin seçdiyin peşə?

 

-Düşünürəm ki, hər ikisinin özünə görə çətinlikləri var. Mən heç biri arasında fərq qoymuram.

 

- Atan siyasət yazarıdır, sənin necə, siyasətə marağın var?

 

- Əslində hə, siyasətə marağım böyükdür. Biz həmişə atamla siyasi məsələləri qarşılıqlı müzakirə edirik. Atamla siyasətdən danışmaq mənə maraqlı gəlir. Ondan çox şey öyrənirəm...

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi