Modern.az

Əcnəbiyə ərə gedənlərin ödədiyi dövlət rüsumu - Yarımillik STATİSTİKA

Əcnəbiyə ərə gedənlərin ödədiyi dövlət rüsumu - Yarımillik STATİSTİKA

Ölkə

4 Sentyabr 2019, 14:26

2019-cu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının vətəndaşları  ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 1.013 nikah bağlanıb. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin (ƏN) İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Rəsmi məlumata görə, əcnəbilərlərlə nikaha daxil olanlardan 544-ü azərbaycanlı qadınlar, 469-u isə azərbaycanlı kişilərdir.


Həmçinin bildirilib ki, hesabat dövründə Azərbaycan Respublikasının vətəndaşları  ilə əcnəbilər və vətəndaşlığı olmayanlar arasında 93 nikahın pozulması qeydə alınıb.


Xatırladaq ki, 2017-ci ildə əcnəbilər və vətəndaşlığı olmayanlarla azərbaycanlılar arasında 2059 nikah qeydə alınıb. Nikahlardan 1105-i Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında, 1054-ü isə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanıb. 2018-ci ildə Azərbaycan vətəndaşları ilə xarici ölkə vətəndaşları arasında 2256 nikah  bağlanıb. Həmin şəxslərlə pozulmuş nikahların sayı isə 149 olub.


Azərbaycan vətəndaşı olan qadınlar əsasən, Türkiyə, Rusiya Fedrasiyası və Gürcüstan vətəndaşları ilə, kişilər isə əsasən Rusiya Federasiyası, Gürcüstan və Ukrayna vətəndaşları ilə nikaha üstünlük verirlər.


Qeyd edək ki, xarici ölkədə Azərbaycan Respublikasının vətəndaşı nikaha daxil olduqda, nikahın qeydə alınması nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqları tərəfindən həyata keçirilir.
Azərbaycanda nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldıla bilər.


Nikahın qeydə alınması üçün tələb olunan sənədlər

Nikaha daxil olmağı arzu edən Azərbaycan Respublikası vətəndaşı (vətəndaşları) konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər. Konsulluğun vəzifəli şəxsi nikahın bağlanması haqqında ərizəyə dərkənar yazmaqla ona icazə verir. Xarici ölkələrdə Azərbaycan Respublikası vətəndaşının (vətəndaşlarının) nikahın qeydə alınması üçün aşağıdakı sənədlər Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına (konsulluqlara) təqdim edilməlidir:
1. nikaha daxil olan şəxslərin yazılı razılığı;
2. nikaha daxil olan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;
3. xarici ölkədə daimi və ya müvəqqəti yaşamasını təsdiq edən sənəd;
4. subaylıq haqqında arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə qəbz
6. əvvəllər nikahda olmuş şəxslər - nikahın pozulması haqqında şəhadətnamə (surətini) və ya ərinin (arvadının) ölümü şəhadətnamə (surətini), yaxud əvvəlki nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarış (yalnız əvvəllər nikahda olmuş şəxslər);


Müraciətə baxılma müddəti

Nikah konsulluq tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin iştirakı ilə bu barədə ərizə verildiyi gündən 1 aydan tez olmayaraq bağlanır.

Aşağıdakı göstərilən üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti konsulluq tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər:
1) təcili olaraq uzunmüddətli ezamiyyətə getmə;
2) daimi yaşamaq üçün başqa yerə köçmə;
3) birgə uşaqların olması;
4) nikaha daxil olmaq istəyən qadının hamilə olması;
5) evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi;
6) hərbi xidmətə çağırılma;
7) digər hallarda.
Yuxarıda göstərilən hallar müvafiq sənədlərin (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) konsulluğa təqdim edilməsi ilə təsdiq edilməlidir.

Xüsusi hallarda (hamiləlik, birgə uşağın olması, nikaha daxil olmaq istəyən şəxslərin hər ikisinin yaşının 50-dən yuxarı olması və ya digər hallarda) nikah ərizə verilən gün bağlana bilər.


Nikahın qeydə alınması üçün və əlaqədar əməliyyatlar üçün 
Dövlət rüsumu


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.3-cü maddəsinə əsasən, nikahın qeydə alınması və əlaqədar əməliyyatlar üçün aşağıdakı dərəcədə dövlət rüsumu müəyyən olunub:

1) nikahın qeydə alınması və bu barədə
    şəhadətnamənin verilməsinə görə -30 ABŞ dolları;

2) xarici ölkələrin VVAQ orqanları tərəfindən 
    nikahın qeydə alınması məqsədilə 
    subaylıq haqqında arayışın verilməsinə görə - 20 ABŞ dolları;

3) nikah haqqında akt qeydində dəyişikliklərin, 
    düzəlişlərin, əlavələrin edilməsi və 
    akt qeydlərinin bərpa olunması ilə əlaqədar 
    şəhadətnamələrin verilməsinə görə - 20 ABŞ dolları;

4) vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı 
    haqqında arxiv materiallarına əsasən 
    təkrar şəhadətnamələrin verilməsinə görə - 40 ABŞ dolları.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi