Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 183 min tondan çox məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz çoxdur:
“Keçən il oktyabrın 16-dək 126 min ton pambıq tədarük olunub”.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu il pambıq yığımına 435 kombayn cəlb olunub:
“Sahələrdən məhsulun 90 faizinin kombaynlar vasitəsilə yığımı nəzərdə tutulur. Kombaynlarla kütləvi pambıq yığımına sentyabrın 24-də start verilib. “Aqrolizinq” ASC-nin yerli bölmələrində 34 ehtiyat kombayn var, zərurət yaranacağı təqdirdə bu kombaynlar da yığım prosesinə cəlb olunacaq”.
Həmçinin qeyd olunub ki, bu il Azərbaycanda 100111 hektar ərazidə pambıq əkilib:
“Saatlı (13741 hektar), Ağcabədi (10452 hektar), Biləsuvar (10257 hektar), Bərdə (10140 hektar), Beyləqan (9706 hektar), Sabirabad (8630 hektar) və İmişli (7492 hektar) ən çox pambıq əkini aparılmış rayonlardandır”.