Arxiv
27 Noyabr 2019, 14:20 | MƏDƏNİYYƏT
Rəsulzadənin TARI: “Bu tar atamla birlikdə sürgün həyatı yaşayıb”        

Cümhuriyyət tariximizin şahidləri... 


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, görkəmli dövlət xadimi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın Əməkdar rəssamı, ali məktəb müəllimi, tanınmış ziyalı  Rais Azər oğlu Rəsulzadə ilə görüş keçirilib.


Modern.az-ın məlumatına görə, elmi-tədqiqat laboratoriyası tərəfindən təşkil olunan görüşdə BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, bəstəkar Gülnaz Abdullazadə, Xalq artisti, professor Ramiz Quliyev, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Rəsuzadə ailəsi haqqında araşdırmaların müəllifi, yazıçı-jurnalist Nəcibə Bağırzadə, laboratoriya əməkdaşları, akademiyanın müəllim və tələbələri iştirak ediblər.


Görüşün əsas mövzusu Rəsulzadə ailəsinin yadigarı, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan 100 illik tarın bərpası və təqdimatı olub.    


Ü.Hacıbəylinin ölməz musiqisi ilə başlayan görüşü N.İsmayılzadə açaraq, qonaqları salamlayıb. Bildirib ki, M.Ə.Rəsulzadənin oğlu Azər Rəsulzadəyə məxsus olan bu tarın çanağının daxilində "1917" yazılıb. Görünür, tar həmin ildən Məhəmməd Əmin Rəsulzadədə olub və sonra kiçik oğlu Azər bəyə yadigar qalıb. Tar Azər Rəsulzadənin vəfatından - 1993-cü ildən indiyə qədər çalınmadığı üçün təmirə ehtiyaclı olub. Rais müəllim tar haqqında görkəmli ifaçı və yaxın dostu Ramiz Quliyevə məlumat verəndən sonra, özünün xahişi ilə tarın təmiri-bərpası Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında həyata keçirilib. Alət laboratoriyanın təmir-bərpa sexinin təcrübəli ustası Musa Mahmudov tərəfindən oktyabr-noyabr aylarında yüksək keyfiyyətdə təmir olunub. Artıq alət ifa üçün tam yararlı vəziyyətdədir: "Rəsulzadələr ailəsinin müqəddəs yadigarı olan  bu tarın təqdimat mərasimində onun səsini, "ürək sözlərini" dinləyəcəyik".


Professor G.Abdullazadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyəti dövründə  mədəniyyət quruculuğu, Ü.Hacıbəylinin jurnalist fəaliyyəti haqqında məlumat verib, onun demoktratik ruhlu ziyalı kimi milli azadlıq ideyasının təbliğatçısı olduğunu vurğulayıb.


Xalq artisti R.Quliyev 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbirlər silsiləsini xatırladıb. ABŞ-ın Çikaqo şəhərində keçirilən növbəti yubiley tədbirinə Rais Rəsulzadə ilə birlikdə dəvət aldığını, bu möhtəşəm tədbirdə Azərbaycan musiqisini ifa etdiyini bildirib. Yubiley münasibətilə Çikaqoda təsis olunan medalı tədbir iştirakçılarının diqqətinə çatdırıb. 


Tədbirin ən maraqlı və təsirli məqamı Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı kimi görüşdə "iştirak edən" qədim tarın uzun illərdən sonra ilk dəfə səslənməsi olub. R.Quliyev tərəfindən tarda ustadanə ifa olunan "Bayatı-Şiraz" muğamı və "Bu dünyadan" mahnısı tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb. Sonra R.Quliyev 1955-ci ildə özünün ilk dəfə çaldığı tarın mizrabını R.Rəzulzadəyə bağışlayıb və xahiş edib ki, mizrab həmişə bu yadigar tarın üzərində saxlanılsın:

"Mən sənət yoluna ilk dəfə bu mizrabla qədəm qoymuşam. Onu indiyə qədər əziz bir xatirə kimi qorumuşam. Amma bu gün həyatımın bu əziz xatirəsini Rəsulzadənin tarına bağışlayıram. Mən fəxr edərəm ki, bu yadigar tar həmişə elə bu mizrabla da çalınsın".

 


Rais Rəsulzadə: "Bu tar atamla birlikdə sürgün həyatı yaşayıb"        

 

Rais müəllim çıxışında Rəsulzadələr ailəsindən yadigar qalan tarın tarixçəsi haqqında məlumat verib. "Bu tar ailəsimizin ayrılmaz, əziz üzvüdür. Hətta vaxtilə Gəncə həbsxanasına da düşüb".


R.Rəsulzadə məlumat verib ki, atası Azər bəy 1937-ci ildə öz anası Ümbülbanu xanımla Qazaxıstana sürgün olunanda 16 yaşı vardı.

"Özləri ilə çox şey götürməyə icazə verilmədi. Azər bəy özü ilə yalnız bu tarı götürdü. Tar onunla birlikdə ömrünün sonunacan siyasi sürgündə yaşadı. Atam deyirdi ki, bu tar onun ən yaxın qəlb sirdaşıdır. Tar vətəndən uzaqlarda onun üçün yeganə vətən yadigarı və həmdəmi idi. Hər dəfə tarı sinəsinə alıb dilləndirəndə həm şərəf duyurdu, həm də həsrət yanğısı keçirirdi. Bu tarın səsi onun üçün xalqın səsi, vətənin bir parçası demək idi. Azər bəy 1993-cü ildə qürbətdə dünyasını dəyişdi. Mən ailəmin sürgün həyatı yaşadığı Karaqandadan qayıdanda  bu tarı özümlə vətənə gətirdim. İndiyə qədər onu ailəmizin əziz yadigarı kimi və atamın sürgün həyatının, məşəqqətli vətən həsrətinin şahidi kimi qoruyuram Bu tar atam Azər bəydən mənə qalan müqəddəs bir dəyərdir, tarixi yadigardır. Mən çox şadam ki, atamın vəfatından sonra təmirə ehtiyaclı vəziyyətə düşən, uzun illər dillənməyən bu tarı dahi Üzeyir bəyin adını daşıyan məşhur təhsil və sənət ocağında - Bakı Musiqi Akademiyasında çox yüksək səviyyədə təmir etdilər, onu yenidən ifa etmək üçün yararlı vəziyyətə gətirdilər".

 


"Azər Rəsulzadənin ən çox sevdiyi muğam Bayatı-Şiraz idi"     

 

Tədbirdə Rəsulzadələr ailəsi haqqında araşdırmaların, kitabların müəllifi, yazıçı-jurnalist, şairə Nəcibə Bağırzadə Azər Rəsulzadənin həyat səhifələrindən  maraqlı məlumatlar verib. Azər bəyin rəssamlığından, sənətə marağından,   əsərlərinin taleyindən, vətənpərvərliyindən danışıb. Arxiv araşdırmalarından əldə etdiyi faktları diqqətə çatdırıb. Bildirib ki, Azər bəyin ən çox sevdiyi və ifa etdiyi muğam “Bayatı-Şiraz” idi.


"Həmin tar, həmin muğam... Bu gün burada Bayatı-Şirazı dinləyəndə düşündüm ki, həmin tarın səslənməsi də, həmin muğam da Məhəmməd Əminin övladı Azər bəyin ruhuna böyük ehtiramımızı ifadə etdi.  Bəlkə bu tarın sədasını, onun bağrından qopan Bayatı-Şirazı Azər bəyin nigaran  ruhu da eşitdi və şad oldu. Bu tarda Azər bəyin özünün, atası Məhəmməd Əminin, anası Ümbülbəyimin  sığalı, əllərinin izi qalıb. Mən usta Musanın təmir haqqında məlumatını dinləyəndə bir sözündən çox təsirləndim. Dedi ki, tarda çatlar var idi. Mənə elə gəlir ki, o çatlar illər boyu boş yerə tara düşməyib və əslində, o çatların mənası bir başqadır. Onlar Rəsulzadə ailəsinin, övladlarının, nəslinin ürək çatlarıdır. Onların qəlbinin ağır siyasi, mənəvi təzyiqlərdən aldığı çatlardır... Azər bəy qürbətdə bu tarla nəfəs alıb. Bu tar Azərbaycan Xalq Cümhuriyyətinin, azadlıq ideyalarının tərcümanıdır. Mən bu ailənin həyatını dərindən öyrəndikcə bilmişəm ki, Azər bəy necə bir istedadlı şəxsiyyət, vətənpərvər ziyalı olub. Kim bilir ağır həyat şəraiti, vətən ayrılığı, çətin maddi və mənəvi durum onun nə qədər arzularını, istedadlı işlərini yarımçıq qoyub... Yaxşı olardı ki, gənclər tariximizlə yaxından maraqlansınlar, şəxsiyyətlərimizi daha yaxşı tanısınlar".

 

"Tar da ziyalılarımız kimi repressiyalara məruz qalıb"

 

Daha sonra elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent A.Abduləliyev Üzeyir Hacıbəylinin tar haqqında tədqiqatlarından, XX əsrdə onu siyasi-ideoloji basqılardan qorumasından, bəstəkar və pedaqoq olaraq tarın ifaçılığı, tədrisi və yaşaması uğrunda mübarizəsindən, vaxtilə tara, muğama və onunla əlaqədar milli operalara qadağa cəhdlərindən danışıb. Bildirib ki, tarın yaşamasında görkəmli ustad sənətkarların da, ziyalıların böyük xidmətləri olub:

"Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Mikayıl Müşfiq, Cəfər Cabbarlı, Bədəl bəy, Mirzə Ələkbər Sabir, Seyid Hüseyn  kimi maarifçi ziyalılarının, şair, yazıçı və alimlərin evində həmişə tar olub, tar səslənib. Vaxtilə bölgələrimizdəki ziyalıların, sadə əməkçi insanların da mənzillərində divardan tar asılıb, çalınıb. "Oxu tar" deyən Mikayıl Müşviq güllələndi, amma evindəki tarının səsini kəsə bilmədilər. Bu alətin səsi, tembri, pərdə quruluşu, kökü xalqımızın musiqi yaddaşının, muğam təfəkkürünün, onun bədii duyumunun tarixi qəlibləridir. Azərbaycan tarına olan böyük xalq sevgisi bu tarı əsrlər boyu şovinist hücumlardan, repressiyalardan qoruyub. Yəqin ki M.Ə.Rəsulzadənin vətən, millət sevgisi ilə Azərbaycan tarı arasında tarixi bir körpü, ideal bir bağlılıq var".
 


Milli dəyərlərə ehtiramla

 

A.Abduləliyev bildirib ki, tədbir özündə bir çox müqəddəs dəyərləri bir araya gətirmiş olub:

“Azərbaycan Xalq Cümhuriyyəti, Cümhuriyyətin yaşıdı olan, Rəsulzadələrin ideya rəmzi və şəxsi ailə yadigarı olan tar,  AXC-nin 100 illiyi münasibətilə yubiley medalı, M.Ə.Rəsulzadənin nəvəsi, Ü.Hacıbəylinin adını daşıyan sənət ocağı və ustad R.Quliyevin ifasında Azər bəyin sevdiyi “Bayatı-Şiraz””.

Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev belə gözəl tədbirin elmi və tərbiyəvi əhəmiyyətini qeyd edib, milli alətlərin və ifaçılıq ənənələrinin qorunması barədə dəyərli tövsiyələrini diqqətə çatdırıb. Bildirib ki, bu yolda Bakı Musiqi Akademiyası həmişə öncül mövqeyi ilə seçilir. A.Əsədullayevə görə milli dəyərlərimiz bu gün də biganəlikdən, bəzi naşılardan qorumaq lazımdır.   

Tədbirin sonunda Rais Rəsulzadə ailəsinin yadigarı olan tarın təmir-bərpasına və  təqdimatına görə təşəkkürünü bildirib. 


Ariz Abduləliyev

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ağcabədidə təhlükəli tapıntı - FOTO 20 Yanvar 2020, 09:53 Bakıda QƏZA: Xəsarət alan var 20 Yanvar 2020, 09:10 Quba sakininin evindən qanunsuz ov tüfəngi götürülüb 20 Yanvar 2020, 09:02 ABŞ Konqresində “Qara Yanvar” faciəsi yad olunub 20 Yanvar 2020, 08:40 “20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”  - İlham Əliyev 20 Yanvar 2020, 01:06 Qənirə Paşayeva  Əyyublu kəndində seçicilərlə görüşdü - FOTO 20 Yanvar 2020, 00:46 Cəlilabad sakini bir neçə nəfər tərəfindən döyülüb 20 Yanvar 2020, 00:21 "20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub" - Mehriban Əliyeva 20 Yanvar 2020, 00:12 30 il keçsə belə, onlar həbs oluna BİLƏRLƏR 20 Yanvar 2020, 00:07 30 illik qürur tarixi: Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir 20 Yanvar 2020, 00:01 "Tələsmədən işləməliyik" 19 Yanvar 2020, 23:57 Hərbiçilər hökumətin pensiya islahatlarına qarşı   19 Yanvar 2020, 23:41 Azay Quliyev bir gündə üç böyük görüş keçirdi  - FOTOLAR 19 Yanvar 2020, 23:18 YAP-ın Sumqayıtdan olan  namizədi seçicilərlə NƏRD oynadı  - FOTO 19 Yanvar 2020, 22:43 İran meyitləri Ukraynaya təhvil verdi 19 Yanvar 2020, 22:22 İqbal Məmmədov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 22:08 Hindistanda K-4 ballistik raketi sınaqdan keçirilib 19 Yanvar 2020, 21:45 Hicran Hüseynova seçicilərlə görüşdü - FOTOLAR 19 Yanvar 2020, 21:22 Deputatlığa namizəd Rövşən Sadıxov seçicilərlə bir arada - FOTOLAR 19 Yanvar 2020, 21:03 Tovuzda yanacaq doldurma məntəqəsinə basqın 19 Yanvar 2020, 20:47 Fəzail Ağamalı seçicilərlə görüşdü - VİDEO 19 Yanvar 2020, 20:31 Çində güclü zəlzələ 19 Yanvar 2020, 20:19 İqbal Məmmədov şəhid ailələrinə baş çəkdi - FOTOLAR 19 Yanvar 2020, 20:01 Novruz Aslanov daha iki kənddə seçicilərinin görüşünə gəldi 19 Yanvar 2020, 18:42 MSK sədri: “1560 deputatlığa namizəd qeydə alınıb” 19 Yanvar 2020, 18:38 Salyanda 52 yaşlı kişinin meyiti tapılıb 19 Yanvar 2020, 18:02 MSK DSK-nın qərarını ləğv edib 19 Yanvar 2020, 18:00 Tanınmış meyxanaçının bacısı oğlu özünü asıb 19 Yanvar 2020, 17:57 Dövlət Sərhəd Xidmətinin rəisi: “Azərbaycan və İran arasında yeni sərhəd-buraxılış məntəqələrinin fəaliyyətə başlaması barədə müzakirə aparılır” 19 Yanvar 2020, 17:43 Musa Qasımlı şəhid ailəsinə baş çəkib 19 Yanvar 2020, 17:35 İstanbulda 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR 19 Yanvar 2020, 17:14 Yəməndə hərbi düşərgəyə hücum nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb 19 Yanvar 2020, 16:58 Sahibə Qafarova seçicilərlə görüşlərini davam etdirir 19 Yanvar 2020, 16:49 Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib 19 Yanvar 2020, 16:37 Dövlət qulluğuna qəbulla bağlı İRADLARA RƏSMİ CAVAB 19 Yanvar 2020, 16:27
SORĞU Yeni parlamentdə kimlər olsun?