Modern.az

Gəncədə ərzaq təhlükəsizliyi qaydalarına necə riayət edilir? - FOTOLAR

Gəncədə ərzaq təhlükəsizliyi qaydalarına necə riayət edilir? - FOTOLAR

3 Dekabr 2019, 17:10

Dekabrın 2- də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin Gəncə Regional İdarəsinin anbarında media işçiləri üçün  “Açıq qapı ” günü təşkil olunub.

 

Modern.az xəbər verir ki, media-turu təşkil etməkdə əsas məqsəd media nümayəndələrini və ictimaiyyəti ASC-nin satınalan dövlət təşkilatlarının payladıqları  ərzaq məhsullarının təhlükəsizliyinin təminatı ilə tanış etmək idi.

 

Elə media işçilərinin də ilk gedəcəyi yer Gəncə Regional İdarəsinin anbarı oldu. Ümumi sahəsi 1500 kv-metr olan anbarda xeyli sayda ərzaq məhsulları toplanmışdı. Burada həm kənd təsərrüfatı məhsulları, eyni zamanda qablaşdırılmış süd və digər ərzaq məhsulları saxlanılır.

 

“Aqrar Tədarük və Təchizat” ASC-nin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev media işçilərinə anbar haqqında ümumi məlumat verərək bildirib ki, satınalan dövlət təşkilatlarının payladıqları ərzaq məhsullarının hamısı bu anbarda saxlanılır:

 

“Ayda 1-2 dəfə olmaqla satınalan dövlət təşkilatlarının sifarişinə əsasən çatdırılma prosesi həyata keçirilir. Anbarda hər bir ərzaq məhsulunun saxlanılması üçün ayrıca soyuducular təşkil olunub. Bizim bu media turu təşkil etməkdə əsas məqsədimiz odur ki, çatdırılma prosesində ATT ərzaq təhlükəsizliyi qaydalarına necə riayət edir, media nümayəndələri özləri şahid olsunlar, bütün gördükləri mənzərələri ictimaiyyətlə bölüşsünlər”.

 

Jurnalistlərin suallarını cavablandıran ATT-nin Tədarük və Təchizat Departamentinin direktoru Rəşad Kərimov idarənin Gəncə şəhəri daxil olmaqla, Göygöl, Daşkəsən, Samux və Kəlbəcər rayonundan olan 3 uşaq bağçası və səhiyyə mərkəzini ərzaq və kənd təsərrüfatı məhsulları ilə təchiz etdiklərini söyləyib:

 

“Ümumilikdə Gəncə Regional Mərkəzində 92 uşaq bağçası, 20 səhiyyə ocağı və 2 güc strukturuna ərzaq təchizatını həyata keçiririk. Bu qurumlar içərisində ən çox bağçalar üstünlük təşkil edir. Təchizat prosesi hər müəssisənin tələbnaməsinə uyğun olaraq ay ərzində iki dəfə 3 gün müddətində baş tutur və ümumilikdə 125 adda 250 ton məhsulun təchizatı təşkil olunur. Məhsullar anbara daxil olduğu zaman keyfiyyətə nəzarət edən mütəxəssislər tərəfindən yoxlamadan keçirilir. Bizim aldığımız əsas məhsullar isə yerli istehsal məhsullarıdır. Yalnız Azərbaycanda istehsal olunan bəzi məhsullar var ki, biz onları idxal məhsulu olaraq alışını həyata keçiririk”.

 

Daha sonra media nümayəndələri ATT tərəfindən ərzaq məhsulları ilə təchiz olunan 32 saylı körpələr evi-uşaq bağçasına baş çəkiblər. Onlar burada ərzaq məhsullarının təhvil-təslim prosesini izləyiblər.

 

İlk diqqətimi çəkən məqam isə bağçanın divarlarında Azərbaycan xalq nağılı “Tıq-tıq” xanımın bir çox obrazlarının sürətləri oldu. Düşünürəm ki, milli dəyərlərimizə sadiqlik prinsipini görmək hər bir şəxsdə xoş təəssürat yaradar. Bağçanın direktoru Sahilə Hüseynova jurnalistlərə açıqlama verərək bildirib ki, hazırda 33 adda qida məhsulu tədarük edirlər:

 

“Ümumiyyətlə, bağçamız 2019-cu il sentyabrın 16-dan fəaliyyətə başlayıb. Bağçanın qida təchizatını isə ayda iki dəfə olmaqla “Aqrar Tədarük və Təchizat” ASC-nin Gəcə Regional İdarəsi həyata keçirir. Bağçaya 33 adda qida məhsulu daxil olur. Təbii ki, bu qidalar da mövsümə görə dəyişir. Hazırda bağçamızda 75 uşaq təlim-tərbiyə alır. Yaş məhdudiyyəti isə 1 yaşından 6 yaşa qədərdir. Normativlərə uyğun olaraq, gün ərzində uşaqlara 3 dəfə yemək verilir. Məhsullar daxil olarkən onların hər birinin keyfiyyət sertifikatı da təqdim edilir”.

 

Sonda baş çəkdiyimiz ünvan isə Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanası oldu. Burda da məhsulların təhvil-təslim prosesinin şahidi olduq. Xəstəxananın anbardarı Fəxrəddin Bayramov jurnalistlərin suallarını cavablandırdı:

 

“Xəstəxanamıza ayda iki dəfə 15 adda məhsul daxil olur. Hər bir məhsullar üçün də ayrıca soyuducularımız var. Daxil olan məhsullara ət və ət məhsulları, qablaşdırılmış digər məhsullar da daxildir. Xəstələrə gündə 3 dəfə yemək verilir, hazırda xəstəxanada 200-ə yaxın xəstə müalicə alır. Gün ərzində bu rəqəm dəyişə də bilər”.

 

Nəhayət hər birimiz xoş təəssüratla media-turu yekunlaşdıraraq, Bakıya yollandıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür