Modern.az

KİV haqqında” qanunun “hisi-pası” təmizlənməlidir! - Dəyişiklik istənilir

“KİV haqqında” qanunun “hisi-pası” təmizlənməlidir! - Dəyişiklik istənilir

20 Dekabr 2019, 09:33

Zaman-zaman “Kütləvi informasiya vasitələri haqqında" qanuna müəyyən dəyişikliklər edilib. Kimisi həmin dəyişikliklərdən razı olduğunu, kimisi də bunun zəruri olmadığını bildirib.

Maraqlıdır, indi necə, “Kütləvi informasiya haqqında” qanunda  dəyişikliyə zərurət varmı? Bu qanunda hansı boşluqlar, çatışmazlıqlar qalır?


Modern.az
məsələ ilə bağlı media nümayəndələrinin fikrini öyrənib.


“Yeni nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev
“KİV haqqında” qanunvericiliyə dəyişiklik edilməsi ehtiyacının əsasən son 5-6 ildə ora daxil edilmiş “mürtəce” düzəlişlərdən dolayı irəli gəldiyini bildirib:

“Son illərdə bu sahədə qanunvericiliyə edilən düzəlişlər jurnalistin təhqiqat aparmasını çətinləşdirir, informasiyanın əldə edilməsi qarşısında demokratik cəmiyyət üçün zəruri olmayan sədlər yaradır, hətta mən deyərdim, korrupsionerləri, oliqarxları mediadan qorumağa xidmət edir. Bunlar son ildə ölkə rəhbərliyinin özünün də mediaya ünvanlaqığı çağırışların məntiqinə uyğun gəlmir. Odur ki, KİV qanunvericiliydə dəyişikliklər birinci növbədə onun son illərin "hisindən-pasından" təmizlənməsi olmalıdır”.


“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu
“Kütləvi İnformasiya vasitələri haqqında” qanunun təkmilləşdirilməsinə hər zaman ehtiyac olduğunu vurğulayıb:


“Ölkədə islahatların aparıldığı bir mərhələdə Azərbaycan cəmiyyətinin bütün sferalarında  yenilənmə, islahat zərurəti yaranır. Düşünürəm ki, elə bir vaxtda “KİV haqqında” qanunun da təkmilləşdirilməsi yaxşı olardı. Çünki islahat yeniləşmə, hazırkı zamanla ayaqlaşa bilmək deməkdir. Azərbaycan prezidentinin həyata keçiridiyi siyasi fəailiyyəti ilə daha perspektivli bir inkişafa qədəm qoyduğumuz bir vaxtda bu sahədə də dəyişikliklərin olması və əlavələrin edilməsi yaxşı olardı”.


Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli  
“Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda dəyişikliyin edilməsinə ciddi şəkildə ehtiyac olduğunu bildirib:

““KİV haqqında” qanunda çox şey dəyişməlidir. 2001-ci ildə Avropa Şurasına girən zaman qanundan çıxarılan və onu modernləşdirən müddəalar  daha sonradan birmənalı olaraq KİV-in azadlığına zərərverici şəkildə yenidən daxil edildi. Bu gün Konstitusiyada 50-ci maddədə yazılıb ki, dövlət senzurası qadağandır. Amma KİV haqqında qanunun 7-ci maddəsində yazılır ki, müəyyən vaxtlarda senzura tətbiq edilə bilər. Bu birmənalı olaraq Konstitusiyanı pozan normadır.Yaxud da 19-cu KİV-in fəaliyyətinə xitam verilməsi yalnız məhkəmə qaydasında həyata keçirilə bilər. İndi isə bu məsələyə Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Daxili  İşlər Nazirliyi və Mətbuat Şurası nəzarət edir.  Ümumi götürəndə “KİV haqqında” qanun başdan monitorinq edilməlidir. Bütün bunlar olmasa KİV azadlığının hüquqi təminatı olmayacaq”.


Report.az saytının baş redaktoru Murad Əliyev “KİV haqqında” qanunda müasir internet mediası ilə bağlı müddəalara dair çox səthi məlumat verildiyini bildirib:


“Ümumiyyətlə, “onlayn” medianın özünü tənzimlənməsi üçün qanunvericilikdə ciddi şəkildə dəyişiklik olmalıdır. “KİV haqqında” qanunda bir yerdə göstərilib ki, internet üzərindən yazılan məlumatlar da KİV məhsuludur. Lakin bu çox ümumi yanaşmadır. “Onlayn” media qurumlarının qeydiyyatdan keçməsi, hansı prinsiplərlə fəaliyyət göstərməsi, hansı məsələlərdə məsuliyyət daşıdıqları və sair məsələlər daha aydın qeyd olunmalıdır.

Qanunda "İnternet informasiya ehtiyatı" yazılıb, amma misal üçün, hansısa dövlət qurumunun saytı da internet informasiya ehtiyatıdır, 24 saat xəbər istehsalı ilə məşğul olan “Report.az” saytı da. Dövrümüzün əsas informasiya mənbəyinin “onlayn” media resursları olduğunu nəzərə alaraq, qanunun daha təkmil formaya gətirilməsinə ehtiyac var. Nəzərə alsaq ki, çap mediasından fərqli olaraq, “onlayn”  mediada hər hansı məlumatın kopyalanması və istifadə olunması asandır. Bu gün həm mətn, həm foto, həm video kontentin heç bir icazə almadan, istinad edilmədən başqa saytlar tərəfindən istifadəsinin şahidi oluruq. Bu səbəbdən qanunvericilikdə müəllif hüquqları ilə bağlı məsələlər həllini tapsa, sonradan müvafiq cəza mexanizmləri də tətbiq etmək mümkün ola bilər. Misal üçün, Almaniyada hansısa saytın fotosunun digər sayt tərəfindən istinad yazılmadan dərc olunmasına görə 2000 avro cərimə nəzərdə tutulub”.


M.Əliyev "KİV haqqında" qanunda domen adları ilə bağlı çatışmazlıq olduğunu da əlavə edib:


““KİV haqqında” qanunda domen adları ilə bağlı da müvafiq maddələr olmalıdır. Hazırda, hər hansı bir şəxs nüfuzlu media qurumunun adına bənzər bir domen alaraq, xəbər saytı yaradıb, hətta bəzən onun adından sui-istifadə də edə bilər. Burada da Avropa təcrübəsini əsas götürmək olar. Orada böyük media holdinqlərə məxsus domen adlarına oxşar domen adı ilə yeni KİV yaradılması qadağandır. Düzdür, heç kim sənin fəaliyyətini məhdudlaşdırmayacaq, amma müvafiq press vəsiqələrin alınması mümkünsüzdür. Həmin vəsiqələr də olmadan heç bir ciddi media statusuna malik deyilsən.

Bu gün bir sıra media ekspertlərinin fikirləri bir məsələdə üst-üstə düşür ki, “onlayn” və çap mətbuatının reklam bazarı genişləndirilməlidir. Lakin, hesab edirəm ki, fundamental məsələlər öz həllini tapandan sonra Azərbaycanda “onlayn” medianın reklam bazarının da formalaşması baş tuta bilər. Misal üçün, mən son 3 ildə Vyanada təşkil olunan Avropa Qazetçilər Konqresinə qatılıram və müşçahidə edirəm ki, Avropanın aparıcı media strukturlarının nümayəndələri sosial şəbəkələrin ənənəvi medianın reklam büdcəsinə şərik çıxdığını deyirlər. Bununla mübarizə yollarından danışılan dövrdə biz hələ də xəbər saytında dərc etdiyimiz kontentin digərləri tərəfindən oğurlanmasının davasını döyürük”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi