Modern.az

Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB

Məşhur rus generalı 20 yanvarda Bakını necə işğal etməsindən YAZIB

20 Yanvar 2020, 14:33

Aleksandr Lebedin “Bakı xatirələri” - I HİSSƏ

 

Müasir Rusiyanın hərb tarixini Aleksandr Lebed olmadan təsəvvür ertmək mümküm deyil. Əfqanstan müharibəsinin aktiv iştirakçısı olan Lebed 1992-ci ildə Dnestryanı və Çeçenistan müharibələrinin də aktiv iştirakçısı olub. Onun hərbi bioqrafiyasında Sovet İttifaqının son illərində baş verən Tbilisi olayları (1989-cu il aprel) və 1990-cı ilin 20 yanvarındakı Bakı qırğınının da önəmli payı var. 1995-ci ildə çap etdiyi “Za derjavu obidno” adlı xatirələr kitabında o, 20 yanvar hadisələri ilə bağlı “xatirələrini” bölüşüb. Həmin vaxt SSRİ Hərbi Desant Qüvvələrinin 106-cı diviziyasının komandiri olan general-mayor A.Lebed 20 yanvar hadisələrinin əsas iştirakçılarından biridir.



Modern.az saytı Lebedin 20 yanvar hadisələri ilə bağlı “xatirlərini” ixtisarla təqdim edir. Bu qeydlərdə Lebed 20 yanvar gecəsi işğalçı imperiya ordusunu qarşılamaq içün yollara, meydanlara çıxan azərbaycanlıları kriminal qüvvələr kimi təqdim etməyə çalışıb.

 

Lebedin Bakıda hadisələrinə aid qeydləri

- Qəzetlər, televiziya sanki gündəlik olan hadisə kimi Bakıdakı hadisələrdən danışırdı. Ölənlərin sayı açıqlanırdı. Dünya və ittifaq ictimaiyyəti çox zəif etirazlar edirdi. Zabitlər hər gün daha çox təəccüblənirdilər: “Necə yəni – Bakıda qırğındı, bizsə Tuladayıq”.
Mixail Qorbaçovun qarşıdurmanı dayandırmaq üçün 1 həftə ərzində nə qədər səy sərf etdiyini bilmirəm, amma yəqin arqumnetləri bitdiyi üçün “Hava Desant Qoşunları+Hərbi Nəqliyyat Aviasiyası=Sovet hakimiyyəti” düsturunu yada saldı və yavarın 18-də 106-cı diviziya həyəcan siqnalı ilə ayağa qalxdı.

Hər şey həmişəki kimi nizamlı qaydada təşkil olunmuşdu. Alaylar bir-birinin ardınca aerodoroma gəldilər və ilk olaraq hərbi texnikanı yüklədilər. Bakıya ilk yollanan 137-ci Ryazan hərbi desant alayı oldu. Mən Tula alayının ilk təyyarəsi ilə uçdum.

Mənim olduğum təyyarə Bakıya yaxın Qala aerodromuna alatoranlıqda eniş etdi. Ətrafda tək-tək atəş səsləri gəlirdi. Diviziyanın qərargah rəisi, polkovnik N.Nisifirov və Ryazan alayının komandiri, polkovnik Y.Naumov məni qarşıladılar. Onlarla yanaşı gələn komandir isə tələsik şəkildə hesabat verdi ki, eniş edən təyyarələrdən birinin gövdəsinə silsilə atəş açılıb, itki yoxdur. Təyyarə ciddi zədə almasa da, bu haqda yalnız səhər dəqiq bir şey demək olardı.

Qərargah rəisi vəziyyət barədə məlumat verdi: “Ryazanlılar və kostromalılar kolon şəkilndə düzülüblər. Fəal hərəkətlərə hazırıq! Aerodromun girişi “KAMAZ”, “KRAZ” və beton bloklarla bağlanıb. Bu impovizə olunmuş barrikadaların arxasında isə 50-150 nəfər arasında dəyişən qruplar yerləşiblər. Atıcı silahları olsa da, sayı çox deyil. Eyni vaxtda minik maşınlarında aerodormun ətrafında dövrə vuran qrup üzvləri enən və havaya qalxan təyyarələrə atəş açırlar”.

Alay komandiri, polkovnik Yuri Naumov yüksək keyfiyyətlərə malik, istər sülh, istərsə də müharibə şəratiində eyni ustalıqla komandanlıq etməyi bacaran zabit idi.

“Yuri Nikolayeviç, məruzə edin görək, nə baş verir?”-deyə soruşdum.

- İcazə verin vətəndaş polkovik, məruzə edim.
- Et.

- Müdafiə naziri Yazov yumruğunu mənim burnuma yaxınlaşdırdı və dedi: “Hünərin var, şəhəri götürməyin! Lebedə də deyin!”

- Elə bu -deyə mən soruşdum

- Elə bu

- Bəs hansı şəhəri götürmək lazımdır?

- Bakını da. Başqa götürüləsi şəhər yoxdu burda.

 

2 milyonluq şəhəri zəbt etmək, çox incə və rahat tapşırıq idi. Bu zaman mən telefona çağrıldım. Hərbi Desant Qoşunlarının komandanı, general-polkovnik Açalov hədəfləri konkretləşdirdi. Mənzərə aydınlaşdı. Mən ilkin göstərişləri verdim və nəzarət-buraxılış məntəqəsinə getdim. Bakıya 30 kilometr var idi və tapşırığı uğurla icra etmək üçün ilk olaraq aerodromdan çıxmaq lazım idi.  

Nəzarət-buraxılış məntəqəsi qum yeşikləri ilə əhatə olunmuş və texniki bölüyün gərginlik içində olan əlisilahlı əsgərlərinin keşik çəkdiyi yer idi. Məntəqənin qapılarından kənardakı zülmətdə isə yük maşınlarının kölgəsi və onların arası ilə gəzişən insanların güclə sezilən surəti canlanırdı. Onların bəzilərinin əlində silah var idi. Ara-sıra onların söyüşləri və qışqırmaqları eşidilirdi.

Onlarla danışıqlara getməyi qərara aldım.

“Mən aerodromdan çıxmalıyam və çıxacam. Ordu quyruğundan tutulmuş, miyoldayan və cırmaq atan, amma nəticədə heç nə edə bilməyən pişik deyil. Yolu təmizləyin və mən əmin edirəm ki, başınızdan bir tük belə əskik olan deyil”-deyə qarşı tərəfə bildirdim.       

Cavab isə isterik şəkildə  verildi: “Siz burdan keçməyəcəksiniz... Biz hamımız ölərik, amma siz keçməyəcəksiniz”.

Biz sakitcə danışıqlar apardığımız vaxt, aerodromda qızğın iş gedirdi. Nəzarət-buraxılış məntəqəsinin sağ və sol tərəflərində minatəmizləyənlər aerodromun mühafizə məftillərini kəsirdilər və texnikanın çıxarılmasına hazırlaşırdılar.

Hər kəs dəbilqə və bronjilet geyərək döyüş hazırlığına gətirilmişdi.

Zabitlərdən biri mənə yaxınlaşaraq pıçıltı ilə dedi ki, “hər şey hazırdı”. Mən aerodromun həndəvərindəki şəxslərlə danışıqları yekunlaşdırmağa qərar verdim:
“Özünüz bilin, mən sizi xəbərdar etdim”.
Bunun cavabında isə şaqqanaq çəkən kütlənin çığırtısını və fit səsini eşitdim.

“İrəli”-deyə qoşuna əmr verdim.

Aerodromun qabaqcadan açılmış qapılarından çıxan bölüklər şosseyə çıxdılar. Desantçılar “Ura!” deyə çığıraraq kütlənin arasında panika yaratmaq üçün havay atəş aça-aça 2 istiqamətdən hücuma keçdilər.

Belə qəfil hücumu gözləməyən kütlə yolun digər tərəfindən üzümlüyə doğru qaçdı. Lakin hamısı yox, 92 nəfəri həbs edə bildik. Bayaqkı təntənələrindən əsər-əlamət qalmamışdı. Ölən və yaralananlar yox idi. Yerdə atılmış silahlara rast gəldik və əlbəttə ki, onların sahibi ortaya çıxmadı.
“Ural”, “KAMAZ” və “KRAZ”ları qoşqu ilə yana çəkərək yoldan çıxardılar, Bakıya gedən yol artıq açıq idi.


 
Ryazan, ardınca isə Kostroma alayları Bakıya doğru yola düzəldi. Tula alayını isə gözlənilməz hadisələr üçün ehtiyatda saxladım. Komanda mərkəzimiz isə Qala aerodromundakı zabitlər yataqxanasındakı 2 otaqda yerləşmişdi. Ryzanlılar güclə irəliləyirdilər. Ümumilikdə Bakıya gedən 30 kilometrlik yolda onlar 13 barrikadanı aşmağa məcbur oldular. Təxminən hər 2-2,5 kilometrə birini... İki dəfə qarşmızdakı qüvvələr eyni fənddən istifadə etdilər: içi benzinlə dolu avtosisternlər şosse boyu sürətlə hərəkət edərək yola benzin tökürdü. Avtosistern uzaqlaşır və yolu əhatə edən üzümlüklərdən yola məşəl atırdılar. 

Nəticədə kolonları alov dənizi qarşılayırdı. Gecə vaxtı bu mənzərə xüsusilə təsirlidi. Kolon iki tərəfdən üzümlüyə doğru hərəkət edir, ordan isə atəş açılırdı. Bu məqamda həmin əsgərin psixologiyasını anlamaq lazımdır. 19-20 yaşlı əsgərə həyatının heç bir mərhələsində - nə uşaq bağçasında, nə məktəbdə, nə texnikumda, nə institutda “öldür” deməyiblər. Onu buna öyrətməyiblər. Daha dəqiq desək öyrədiblər, amma abstrakt şəkildə. Burada isə hədəf konkret deyildi. Daha doğrusu, xarici dövlətin əsgəri deyildi. Bura Azərbaycandır və əsgərlər coğrafiya dərslərindən bilirdilər ki, bu müttəfiq respublikalardan biridir, bizim torpaqdır, bizim insanlardır. Onlar bilirdilər ki, sıralarında xeyli azərbaycanlı var və hətta onların bir çoxu əslən Bakıdan idi.

Həmin əsgər bura istəyi ilə deyil, əmrlə gəlmişdi. Əmr isə qanlı qarşıdurmanı dayandırmaqdan ibarət idi. Əsgərlərin içində aqressiya və acıq yox idi. Yalnızca çaşqınlıq və intizar var idi. Onların çoxu döyüşə xoşniyyətlə və təbəssümlə gedirdi. Düşünürdülər ki, insanlarla danışsalar, onlar bir-birini öldürməkdən vaz keçəcəklər. Lakin onların xoşniyyətini zülmətdən açılan atəş səsləri və söyüşlər qarşılayırdı. Əsgərlərdə isə onlara atəş açan məchul şəxsə qarşı aqressiya və nifrət yaranır, bir növ onlarda desantçı şovinizmi oyanırdı.

Bakıya uzanan 30 kilometrlik yol Ryazan alayına 37 yaralı hesabına başa gəldi. Onların 7-si güllə, qalanları isə üzərlərinə armatur, kərpic və boru atılması nəticəsində xəsarət almışdı. Səhər 5-də alay nəzərdə tutulan rayonuda mövqe tutdu. Şərqdə, “Nasosnı” aerodromundan Pskov hava desant diviziyası şəhərə daxil oldu. Bununla yanaşı, Rostov vilayəti, Stavropol və Krasnodar diyarından tez-tələsik toplanan motoatıcılar da Bakıda gəlmişdilər.



Eyni şəhər, eyni insanlar... Amma 1988-ci ilin noyabrında Bakı gümrah, işıqlı, temperamentli cənub şəhəri idi. Bizim üzümüzə gülən şəhər, indi qarşımızda hərbi əməliyyatlardan yorulmuş, dünyaya hər şeyə və hər kəsi nifrət edən şəhərə çevrilmişdi. 

Adət halını almış, amma buna baxmayaraq yüngülləməyən işə - şəhərdə komendant xidmətini təşkil etmək üçün fəaliyyətə başladım. Amma təşkilatçılıq işi alınmadı. Bunun bir neçə səbəbi var idi...

 

Ardı var

HAZIRLADI: Vüqar İSMAYİLOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır