Modern.az

“İşbazlar əhalinin cibinə girir, insanları dövlətdən narazı salır” - VAHİD ƏHMƏDOV

“İşbazlar əhalinin cibinə girir, insanları dövlətdən narazı salır” - VAHİD ƏHMƏDOV

5 Fevral 2020, 10:00

Ölkədə aparılan islahatlar, əhalinin maaş və pensiyalarının artırılması ümumən insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

 

Ancaq bəzi fürsətcillər, işbazlar bahalaşmaya getmək üçün bundan bir fürsət kimi istifadə edir.  

 

Mağaza və supermarketlərdə azacıq müşahidə aparmaq kifayət edir ki, ötən ayla müqayisədə ərzaq və qeyri -ərzaq mallarının nə qədər bahalaşdığının şahidi olasan.

 

Xüsusilə müxtəlif növ kərə yağlarının qiymətində 80 qəpik-1 manat arasında bahalaşma müşahidə edilir. Həmçinin, mətbəx üçün lazım olan yuyucu vasitələr, şampun, sabun kimi məhsullar da hiss ediləcək dərəcədə bahalaşıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və shaibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, bahalaşma bizim bəlamızdır:

 

“Bizdə maaş və pensiya artımı olan kimi, bazarda qiymətləri artırırlar. Bu, bəladır. Ümumiyyətlə qiymət siyasəti Azərbaycan iqtisadiyyatının sağalmaz xəstəliyidir. Dövlət başçısı əhalinin vəziyyətini düşünürək addımlar atır, o biri tərəfdən də işbazlar əhalinin cibinə girir, onları dövlətdən narazı salırlar”.

 

İqtisadçı deputat deyir ki, bazar iqtisadiyyatı dərəbəylik demək deyil: “Bəzilərinin əlində arqumenti var ki, bazar iqtisadiyyatına keçmişik. Axı bahalaşmaya getmək üçün iqtisadi əsaslar olmalıdır. Sən göz görə-görə xalqın cibinə gir və adını da qoy, bazar iqtisadiyyatı! Belə olmaz! Bazarda monitorinqlər aparılmalıdır, tənzimləmə mexanizmi tətbiq edilməlidir. Qiymətlərin obyektiv, yaxud subyektiv olub-olmadığına baxmaq lazımdır. Bunun üçün xüsusi qurumlar var?!”

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi