Modern.az

6 minə yaxın məhkəmə işinə xitam veriləcək

6 minə yaxın məhkəmə işinə xitam veriləcək

20 Fevral 2020, 18:00

Bu gün Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklikləri təsdiq edib.

 

Azərbaycan Sahibkarlar Konfederasiyasının baş katib əvəzi Kristina Məmmədova Modern.az-a deyib ki, bu qərar biznesin inkişafı naminə daha bir uğurudur:

 

“Xaricə ödənilmiş avans ödənişləri müqabilində alınan mallar əvvəllər 180 gün ərzində idxal edilməli idi. Bu qaydalar sahibkarların idxal əməliyyatlarında ciddi çətinliklər yaratmışdı. Azərbaycan Sahibkarlar Konfederasiyasının təklifi ilə 180 gün 270 günə qaldırıldı, lakin ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı, eləcə də müasir texnologiyaların tətbiqi ilə bağlı çağırışlar idxalın 270 günə reallaşdırılması ilə bağlı çətinliklər yaradırdı. Bu qaydaların pozulmasından irəli gələn 12 min iş vardı və həmin işlərdən 6 minə qədəri hazırda məhkəmədə baxılır”.

K.Məmmədova bildirib ki, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun və Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin birgə təşəbbüsləri nəticəsində 10 yanvar 2020-ci ildə Mərkəzi Bankda sahibkarlar, bank rəhbərləri və Mərkəzi Bank aparatının birgə iştirakı ilə geniş iclas keçirilib. İclasın nəticəsində işçi qrup yaradılıb:

“İşçi qrupun gərgin əməyinin nəticəsində məhz bugünkü müsbət nəticələr əldə olunub. Bizim üçün çox sevindirici haldır ki, bu məsələ müsbət həll olundu. Bu o deməkdir ki, artıq 6 minə yaxın məhkəmə işinə xitam veriləcək”.

Xatırladaq ki, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda

idxal olunmayan mal və xidmətlərin dəyəri 10 000 ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü