Modern.az

Yaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıq  

Yaşı 65-dən yuxarı olan deputatlar: İclasa qatılmayacağıq  

Parlament

27 Mart 2020, 15:35

Xəbər verdiyimiz kimi, martın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclas saat 11:00-da başlayacaq.

 

 Milli Məclisdən rəsmi olaraq 65 yaşdan yuxarı olan deputatların plenar iclasa qatılıb-qatılmayacağına münasibət bildirilib:

 

"65 yaşdan yuxarı olan deputatlardan xahiş olunacaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin qaydalarina riayət olunsun".

 

Maraqlıdır, parlamentin 65 yaşdan yuxarı deputatları Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara riayət edəcəklərmi?

 

Yoxsa, qaydaları pozub Milli Məclisin plenar iclasına qatılacaqlar?

 

Modern.az Milli Məclisin 65 yaşdan yuxarı olan bir neçə deputatı ilə əlaqə saxlayıb.

 

Vahid Əhmədov iclasa qatılmayacağını bildirib: “Qanun hamı üçündür. Martın 30-da keçiriləcək plenar iclasın gündəliyi ilə tanış olmuşam. Hesab edirəm ki, çox da əhəmiyyətli məsələ yoxdur. Ona görə də iclasa qatılmayacam. Qoyulan qaydalara riayət etmək məcburiyyətindəyəm. Həmçinin onlayn qaydada parlamentlə bağlı işlərimizi görürük”.

 

Tahir Rzayev qaydalara əməl edəcəyini deyib: “Mütləq qaydada tələb olunan qaydalara əməl edəcəm. Plenar iclasa qatılmayacam. 65 yaşdan yuxarı olan deputatlar digərlərinə də nümunə olmalıdır. Biz qaydaları pozsaq, digər vətəndaşlarımız bizə nə deyər?! Hesab edirəm ki, müvəqqəti yaranan vəziyyəti hamımız nəzərə almalıyıq. Eyni zamanda, deputatlarla onlayn formada əlaqə saxlayır, ümumi vəziyyəti müzakirə edirik”.

 

Madər Musayevin sözlərinə görə, ona “iclasa gəlməyin” deyən olmayıb:

 

“Təbii ki, plenar iclasa mən də dəvət edilmişəm. Ancaq ümumi məsələlər var ki, onlara tabe olmaq zorundayıq. Milli Məclisdən bizə konkret olaraq “iclasa gəlməyin” deyən olmayıb. Ancaq biz Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına əməl etməliyik. Güman ki, mən də qaydalara əmək edərək iclasa getməyəcəm”.

 

İsa Həbibbəyli iclas günü yaradıcılıqla məşğul olacağını qeyd edib:

 

“Martın 30-da keçiriləcək plenar iclasa qatılmayacam. Birmənalı olaraq qaydalara riayət edəcəm. Hazırda da evdəyəm və heç yerə çıxmıram. Yaradıcılıqla məşğulam. Plenar iclas keçirilən gün də evdə yaradıcı işlərimin başında olacam. Təbii ki, onlayn qaydada parlamentlə əlaqə saxlayacam”.

 

Cavanşir Paşazadə qaydalara əməl edəcəyini bildirib: “Əgər dövlətimiz “evdə qalın” deyirsə, biz də buna əməl etməliyik. 65 yaşdan yuxarı deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydanı pozub iclasa qatılarsa, digər vətəndaş buna haqlı olaraq etiraz etməzmi?! Hesab edirəm ki, evdən çölə çıxmamaq məsləhətdir. Birmənalı olaraq plenar iclasa  qatılmayacam”.

 

Anatoliy Rafailov da qaydaları pozmayacağını söyləyib: “Qayda hamı üçün necədirsə, mənim üçün də elədir. Plenar iclasa qatılmayacam”.

 

Fəzail Ağamalı da iclasa qatılmayacağını vurğulayıb: “Hər bir qayda-qanuna əməl etməyə çalışan insanam. Nə qədər ki bu məsələ ilə bağlı alternativ qanun qəbul olunmayıb, qaydalara riayət edəcəm. Plenar iclasa qatılmayacam”.

 

Qeyd edək ki, Milli Məclisin yaşı 65-dən yuxarı 31 deputatı var.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu