Modern.az

Büdcəyə yenidən baxıla bilər – Deputat AYDINLIQ GƏTİRDİ

Büdcəyə yenidən baxıla bilər – Deputat AYDINLIQ GƏTİRDİ

31 Mart 2020, 12:00

“Neft qiymətlərinin aşağı düşməsi Azərbaycanın dövlət gəlirlərinə təbii ki, təsir edir. Çünki Azərbaycan neft ölkəsidir və daxil olan valyutanın əhəmiyyətli hissəsi enerji məhsullarının ixracı hesabına formalaşır”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov neftin kəskin ucuzlaşması və koronavirus pandemiyası fonunda büdcəyə yenidən baxılmasına münasibət bildirərkən deyib.


V.Bayramov qeyd edib ki, 2020-ci il üçün dövlət gəlirlərinin 24 milyard manatdan bir az artıq olması nəzərdə tutulub:


“Büdcə gəlirlərinin 44 faizi qeyri-neft sektorunun, 56 faizi neft sektorunun payına düşəcək. Bütövlükdə neft gəlirlərinin 84 faizi, büdcə gəlirlərinin 48 faizi Dövlət Neft Fondundan transfer ediləcək. Dollarla ifadədədə Dövlət Neft Fondundan 6,5 milyard dollar vəsaitin dövlət büdcəsinə transfer edilməsi nəzərdə tutulur. Nəzərə alsaq ki, Dövlət Nfet Fondunun aktivləri 43 milyard dollardan çoxdur, bu baxımdan büdcəyə 6,5 milyard dollar transferdə çətinlik olmayacaq”.

 

Deputatın sözlərinə görə, qalan enerji gəlirlərində Dövlət Neft Fondundan kənar daxilolmalar ümumi büdcə gəlirlərinin 8 faizini təşkil edir:

“Bu da əsasən Dövlət Neft Şirkətinin ödənişləridir. Şirkət enerji məhsullarının satışı hesabına əldə etdiyi vəsaitdən büdcəyə ödənişlər edir və daxili bazarda enerji məhsullarının qiymətində dəyişiklik olmadığına görə, Dövlət Neft Şirkəti öhdəliyini müəyyən qədər yerinə yetirə biləcək. Doğrudur, koronavirus təhlükəsi səbəbilə istehlak azalıb. Bu isə şirkətin daxili bazarda enerji məhsulları satışının azalmasına gətirib çıxaracaq. Amma əhəmiyyətli hissə qeyri-neft sektorundan daxilolmalardır. Baxmayaraq ki, Azərbaycan 2020-ci ilin 3-cü ayına yüksək göstəricilərlə  daxil olub, qeyri-neft sektorunda 6, 7 faiz, qeyri-eft sənayesində 22 faizə yaxın artım var, koronavirus ümumilikdə bu artım tempini azadıb.

Eyni zamanda, 4 əsas sektor, 20 əsas fəaliyyət sahəsində fəaliyyətlər məhdudlaşdırıldı, bəzi sahələrdə isə ümumiyyətdə dayandırıldı. Bunlardan büdcəyə ödənişlər ciddi şəkildə azalacaq. Amma ilk 2 ay ərzində vergi və gömrük orqanları tərəfindən büdcəyə nəzərdə tutulandan 250 milyon manatdan artıq vəsait daxil olub”.

 

V.Bayramov qeyd edib ki, büdcəyə yenidən baxılması koronavirusun hansı müddətdə aktiv olmasından asılı olacaq:

“Eyni zamanda, mart, aprel, may aylarındakı büdcə daxilolmaları, büdcəyə yenidən baxılıb-baxılmayacağını gündəmə gətirəcək. Hər halda büdcəyə hökumətin qiymətləndirmələrindən sonra baxılması mümkündür. Nəzərə alsaq ki, ilk 2 ayın yekunları büdcə gəlirlərinin formalaşması baxımından pozitiv olub, amma mart ayında azalmalar olacaq. Növbəti aylarda daxilolmalardakı vəziyyət büdcənin xərclər hissəsinin azaldılıb-azaldılmaması ilə bağlı qərarın verilməsinə gətirib çıxaracaq. Hələlik bu haqda proqnoz vermək tezdir. Çünki növbəti mərhlədə hadisələrin necə cərəyan edəcəyi koronavirusun davametmə müddətindən asılı olacaq. Bütün hallarda büdcəyə baxılıb-baxılmamasından asılı olmayaraq, 2020-ci ildə nəzərdə tutulan sosial proqramların icrası ilə bağlı çətinlik olmayacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?